Fransanın “Le Dauphiné Libéré” qəzetində bu ölkədə yaşayan azərbaycanlı pianoçu Adilə Əliyevadan bəhs edən “Anmas: Adilə Əliyeva, musiqi naminə həyat” sərlövhəli məqalə dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Ketrin Ponsenin qələmə aldığı məqalədə istedadlı soydaşımızın ömür yoluna və yaradıcılıq fəaliyyətinə nəzər salınıb. Onun beynəlxalq musiqi müsabiqəsini təsis etməklə Fransada tanındığı, bu yaxınlarda isə kavaler rütbəsi ilə “Fəxri Legion” ordeninə layiq görüldüyü barədə ətraflı məlumat verilib. “Yüksək səviyyəli laureatların çıxışları sayəsində ictimaiyyətdə populyarlıq qazanmış bu müsabiqə təxminən 20 il ərzində dünyanın hər yerindən onlarla gənc pianoçunu toplayıb”, – deyə müəllif vurğulayıb.

Adilə Əliyevanı Fransanın mahir pianoçusu və tanınmış pedaqoqu adlandıran müəllif qeyd edib ki, məhz bu keyfiyyətləri, üstəlik, istedadlı gənclərə sadiqliyi sayəsində o, iyulun 13-də Fransa Prezidenti Emmanuel Makron tərəfindən ali ordenlə təltif olunub.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyeva Bakıda anadan olub. Uzun illərdir Fransanın Anmas şəhərində yaşayır. Adilə Əliyeva Azərbaycan musiqi irsinin dünyada təbliği, Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən olan istedadları üzə çıxarmaq, tanıtmaq və təhsillərini xaricdə davam etdirmələri üçün şərait yaratmaq məqsədilə 1996-cı ildə pianoçular müsabiqəsini təsis edib. Son illərdə xüsusilə geniş rezonans doğuran müsabiqəyə Heydər Əliyev Fondu da dəstək verir.