Avqustun 2-si ölkəmizdə Milli Kino Günü – kino işçilərinin peşə bayramıdır. Bu münasibətlə həmin gün Heydər Əliyevin Mərkəzinin qarşısında açıq havada kinomuzun tarixini əks etdirən sərgi keçiriləcək.

Mədəniyyət Nazirliyinin dəstəyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq sərgidə kinomuzun səssiz mərhələsindən başlamış sovetlər dönəmi bitənə qədər film çəkilişlərində istifadə edilmiş texnika və avadanlıqlar nümayiş olunacaq.

Təqdim ediləcək eksponatlar “Azərbaycanfilm” və Film Fondunda qorunan avadanlıqlardır.

Azərbaycan kinosunun tarixini əks etdirən fotolar və sovet dövrü filmlərimizin afişalarının yer alacağı sərgi ziyarətçiləri keçmişin sənət zənginliklərinə səyahətə aparacaq.