Xəbər verdiyimiz kimi, 29-31 iyul tarixində Gəncə şəhərinin Hacıkənd qəsəbəsindəki Xan yaylağında II Milli Yaylaq Festivalı keçirildi.

Festival “Cavad xan” Tarix və Mədəniyyət Fondu və “Kap.az” – Fərqli Turizm MMC-nin təşəbbüsü, Mədəniyyət Nazirliyi, TİKA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Gənclər və İdman Nazirliyi, Dünya Etnoidman Konfederasiyası, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, KOBİA, Kənd Təsərrüfatı Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti və digər qurumların tərəfdaşlığı və dəstəyi ilə gerçəkləşdi.

Festivalın ilk günündə xarici ölkələrdən dəvət olunmuş musiqiçilər və yerli kollektivlər çıxış etdilər.

İyulun 30-da festivalın rəsmi açılış mərasimi oldu. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı üzrə koordinatoru Fatih Yılmaz, “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, II Milli Yaylaq Festivalının layihə rəhbəri Müzadil Həsənov çıxış edərək layihənin əhəmiyyətini yüksək qiymətləndirdilər.

Festivalın son günündə, iyulun 31-də yerli musiqi kollektivləri, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən olan musiqiçilər rəngarəng ifaları ilə qonaqlara xoş anlar yaşatdılar.

Ümumilikdə üç gün ərzində festival iştirakçıları xarici ölkələrdən dəvət olunmuş etnomusiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış oldular.

Festivala üç gün ərzində 20-dən çox ölkədən 300-ə yaxın iştirakçı və fəxri qonaq qatılmışdı.

Nurəddin Məmmədli