1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bu münasibətlə M.F.Axunzadə adına Azərbaycan Milli Kitabxanasında tədbir keçirilib.

Tədbiri açan kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova bu əlamətdar günün Prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edildiyini bildirib. Qeyd edib ki, bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında da ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Ulu öndərin Azərbaycan dilinin inkişafı ilə əlaqədar imzaladığı fərman və sərəncamlar da bunu sübut edir.

Direktor müavini Prezident İlham Əliyevin ana dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərdiyini, onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edildiyini vurğulayıb.

Daha sonra ümummilli lider Heydər Əliyevin dilimiz haqqında çıxışını əks etdirən video təqdim olunub.

Kitabxananın Kolleksiyaların və informasiya resurslarının mühafizəsi şöbəsinin müdiri Şəhla Nağıyeva XX əsrin əvvəllərində latın əlifbasına keçid məsələsinin Azərbaycan ziyalıları tərəfindən dəfələrlə gündəmə gətirildiyini, dilimizin əsrarəngizliyi haqqında çoxlu əsərlər yazıldığını bildirib.

Tədbirdə ana dilimizi tərənnüm edən şeirlər səslənib və “1 avqust - Azərbaycan Dili və Əlifbası Günü” adlı sərgiyə baxış keçirilib.

Həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən “1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı virtual sərgi hazırlanaraq ictimaiyyətə təqdim olunub.

Sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ana_dili_gunu/index.htm linkindən istifadə edə bilərlər.