İyulun sonu Yer kürəsi üçün “ekoloji borc günü” olub

 

Bu gün bəşəriyyətin maddi ehtiyatlara tələbatlarını tam şəkildə ödəməsi üçün Yer kürəsinin indikindən 1,75 dəfə böyük olması lazımdır. Dünyanın əksər ölkələrinin torpaq ehtiyatları onların bir il üçün tələbatının ancaq bir qismini ödəyir. Başqa sözlə, ayrı-ayrı ölkələr ilin müəyyən aylarını “borc hesabı”na yaşayırlar. Məsələn, büdcəsi mövcud torpaq resurslarına nisbətdə xeyli çox olan Almaniya qırmızı xətti 28 iyulda keçib...

Bu barədə alman ekoloq və mütəxəssislərin hazırladığı hesabatda deyilir.

Söhbət bəşəriyyətlə Yer kürəsi arasındakı tələbat-təklif nisbətindən gedir. Yəni, təbiət nə (qədər) təklif etmək gücündədir və insanlar bundan nə qədər istifadə edirlər. Sözsüz ki, olandan daha çox. Yerdəki xammal istifadə olunduğu və tullantıya çevrildiyi qısa bir müddətdə bərpa oluna bilmir. Bəşəriyyətin bioloji resurslara tələbatı mövcud olduğundan daha çoxdur. Çünki ekoloji sistemlər üçün il ərzində istifadə olunanın təbii bərpasına müvafiq zaman gərəkdir. Əgər bütün dünya Almaniya kimi sənayesi böyük  və həddən ziyadə istehlakçı olsaydı, onda illik sərf edilən resurslar bərpa olunsun deyə Yer kürəsi indikindən 3 dəfə böyük olmalıdır. Əgər dünya üzrə resurslardan istifadə və istehlakçılıq ABŞ-dakı kimi olsaydı, o zaman 5 dəfə böyük Yer lazım olardı. Dünya bütünlüklə Çin kimi həyat tərzi sürən (və qənaətcil) olsaydı, 2,4 Yer kifayət edərdi.

Ekoloji hesabatda qeyd olunur ki, resurslarla bağlı tələbat-təklif nisbətində konkret ölkənin ərazisinin ölçüsü rol oynamır. Önəmli olan ölkələrin resursları necə sərf etməsidir. Bu baxımdan ayaqlarını yorğana (resurs-istifadə nisbətində) görə uzatmayan inkişaf etmiş ölkələr riyazi hesablamada illik resurslarını daha tez sərf etmiş olurlar və ABŞ, Kanada (baxmayaraq ki, əhalisinə görə ərazisi qat-qat böyükdür) mart-aprel aylarında, necə deyərlər, ili başa vurub, ekoloji borca keçirlər. Zəif inkişaf etmiş (amma təbii resursları zəngin olan) ölkələr isə ekoloji ili təqvim ili ilə təxminən bir vaxtda (məsələn, İndoneziya noyabr-dekabrda) başa vururlar.

Hesabatda Azərbaycan və digər Cənubi Qafqaz ölkələrinin “ekoloji borc günü”  barədə məlumat əks olunmasa da, qonşu Türkiyənin (22 iyun) və İranın (27 iyun) ilin yarıdan çoxunu “borca yaşadığı” qeyd edilir.

Bildirilir ki, Yerin ekoloji borcu iki göstərici ilə – bir tərəfdən, torpağın istifadə olunan resursları bərpa edə və tullantıları “uda” bilmək üçün bioloji qabiliyyəti, digər tərəfdən isə meşə, münbit torpaq, su, kənd təsərrüfatı sahələri, balıqçılıq və s. tələbatın necə qarşılanması ilə ölçülür.

Qeyd olunur ki, 60 il əvvəl (1962) Yer kürəsində resurslardan istifadə və istehlak mövcud imkanların 73 faizini təşkil edirdi. 1970-ci ildə bu göstərici 100 faizə çatıb. Həmin ilin 29 dekabrı “ekoloji borc günü” olub. Növbəti illərdə bəşəriyyətin Yerə ekoloji borcu sürətlə artmağa başlayıb və 2019-cu ildə bu tarix 29 iyula təsadüf edib. Pandemiyalı (sənaye istehsalının azaldığı) iki ildə bu göstərici bir ay uzanaraq avqusta keçsə də, bu ildən yenə “ekoloji borc günü” iyulun sonuna qayıdıb. Başqa sözlə, bəşəriyyət ilin qalan beş ayını borca yaşayacaq. Bunu fərd olaraq üzərimizdə hiss etməsək də, torpaq hiss edir...

V.Kamal