II Milli Yaylaq Festivalı etnik-mədəni zənginliyin təntənəsi kimi yaddaşlara yazıldı

 

Yadımdadır, 2019-cu ildə Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilən I Milli Yaylaq Festivalı haqqında xəbərləri oxuyub “kaş mən də bu şöləndə iştirak edə bilsəydim” deyə heyfsilənirdim. Sonra iş elə gətirdi ki, 2020-2021-ci illərdə mövcud pandemiya ucbatından festival keçirilmədi.

Nəhayət, gözlədiyim məqam yetişdi. II Milli Yaylaq Festivalının anonsu yayıldı. Festival “Cavad xan” Tarix və Mədəniyyət Fondu və “Kap.az” – Fərqli Turizm MMC-nin təşəbbüsü, Mədəniyyət Nazirliyi, TİKA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Gənclər və İdman Nazirliyi, Dünya Etnoidman Konfederasiyası, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, KOBİA, Kənd Təsərrüfatı Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti və digər qurumların tərəfdaşlığı və dəstəyi ilə həyata keçiriləcəkdi.

Media nümayəndələrinin qeydiyyatı başlandı. Vaxt itirmədən mən də adımı siyahıya yazdırdım. Sevinclə ailəmizə “hazırlaşın, yaylağa gedirik!” – deyə müjdə verdim...

İyulun 29-u. Festivalın ilk günü. Gəncə şəhərindəki Mərkəzi Univermağın qarşısından festivala rahat gəlmək üçün avtobuslar təyin olunub. Səhər saatlarında avtobusların birinə əyləşərək festivala doğru yol aldıq. Və, budur, Gəncə şəhərinin Hacıkənd qəsəbəsinin əsrarəngiz bir guşəsindəyik – Xan yaylağında.

Hələ orta məktəb dövründə hər yay tətilində ailəliklə Hacıkəndə gələrdik. Uzun illər sonra həmin məkana, özü də elat festivalına qatılmaq adamda bənzərsiz duyğular oyadır...

Xan yaylağı qəsəbə sakinlərinin “Alma bağı” adlandırdığı ərazinin yuxarısında yerləşir. Bəli, çoxlarınıza maraqlı gələr bilər ki, bu ərazini niyə “Alma bağı” adlandırırlar. Bir dəfə buraya gələndə rəhmətlik nənəmə də bu sualı vermişdim. O da mənə “Gözəl nəvəm, buradakı ağacların hamısı alma ağacıdır. Ona görə elə adı da “Alma bağı” qalıb” deyə söyləmişdi. “Alma bağı”na çatan kimi yenidən uşaqlıq çağlarıma, qayğısız illərə qayıtdım.

Yüksək əhval-ruhiyyə ilə bağı yuxarı qalxaraq Xan yaylağına çatdıq. Qarşımızda möhtəşəm Xan Yaylağı Etno-qəsəbəsi. Bu nədir, dağın başında həyat qaynayır. Üzlərdə təbəssüm, dillərdə nəğmə. Rəqs edən, at belində “meydan sulayan”, tamaşa göstərən, gözəlləmələr söyləyən aşıqlar, bir sözlə, bitməsini istəmədiyin bir çal-çağır...

Yenə də ənənələrə sadiq qalınmışdı, yenə qonaq ifaçı və kollektivlərə meydan verilmişdi. Yerli kollektivlər də səhnələrdə öz məharətlərini göstərirdilər. Festivala çox yüksək səviyyədə qatılım vardı. Bağça uşağından məktəblisinə, gəncindən ahılına ölkəmizin bütün guşələrindən qonaqlar Xan yaylağına təşrif buyurmuşdu.

Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan 2 mindən artıq tamaşaçı tutumlu “amfiteatr” səhnəsində və səkkizguşəli ulduz formalı digər səhnədə ölkəmizdən və Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, İtaliya, Sloveniya, Macarıstan, Litva, İran, Rusiya, Ukrayna, Moldova, Hindistan, Pakistan, Tatarıstan, Dağıstandan (hər ikisi Rusiya Federasiyası) dəvət olunmuş kollektivlər etnik-mədəni zənginliklərini nümayiş etdirmək üçün yerlərini almışdılar.

 

Qələbədən sonra bu festival ölkəmizə başqa cür yaraşır...

 

İyulun 30-da festivalın rəsmi açılış mərasimi gerçəkləşdi. Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı üzrə koordinatoru Fatih Yılmaz, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, festivalın layihə rəhbəri Müzadil Həsənov, həmçinin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər.

Qonaqları simvolik olaraq Dədə Qorqud qarşıladı, boy boyladı, söz söylədi, xeyir-dua verdi. Sonra nağaraçıların müşayiətində igidlərin qılınc rəqsi nümayiş olundu. Daha sonra qonaqlar müxtəlif xalqların adət-ənənələri ilə tanış olub pəhləvanların güləşini izlədilər.

Günün ikinci yarısında, axşamçağı isə rəsmi çıxışlara başlanıldı. İlk olaraq gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək qonaqları salamladı. Qeyd etdi ki, festivalda təkcə Azərbaycanın deyil, müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq mümkündür: “Milli adət-ənənələr hər bir xalqın zəngin mədəniyyətə malik olmasından xəbər verir. Mən istərdim ki, ölkəmizdə bu qəbildən tədbirlər daha da geniş xarakter alsın və sizlərlə yeni-yeni festivallarda görüşək”.

“Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov bildirdi ki, Milli Yaylaq Festivalı ölkəmizdə ikinci dəfədir keçirilir: “2019-cu ildə Gədəbəydə təşkil edilən ilk festivalda qəmli hisslərimiz var idi. Çünki həmin vaxt doğma Qarabağımız işğal altında idi. Ali Baş Komandan İlham Əliyev və qüdrətli Ordumuz sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşməndən azad etdik. Bu gün II Milli Yaylaq Festivalını qalib ölkə kimi qeyd edirik”.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev vurğuladı ki, yaylaq festivalı sadəcə bir şənlik deyil. Yaylaq xalqımızın qədim mədəniyyətinin çox vacib bir təzahürüdür: “Yaylağın olması bizim torpağımızın olması deməkdir. Biz Vətən mədəniyyətinin sahibləriyik. Azərbaycan mədəniyyətində Vətən anlayışı tamamilə fərqlidir. Bu gün Azərbaycan torpağına festival başqa cür yaraşır. Xüsusilə də Gəncə torpağında festivalın keçirilməsinin simvolik mənası var. Çünki Gəncə 44 günlük Vətən müharibəsində böyük birlik və dözüm göstərdi. 44 günlük müharibədə şanlı Zəfəri mədəniyyətimizə qaytardıq. Hazırda ən vacib məsələlərdən biri bu qalib ruhu mədəniyyətimizdə saxlamaqdır. Milli Yaylaq Festivalının da əsas məqsədi budur. Biz istəyirik ki, vətəndaşlarımız ilk növbədə öz mədəniyyətini, adət-ənənələrini tanısın. Bizim mədəniyyətimizdə yaylaq həmişə görüş yeri olub”.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tariximizi və mədəniyyətimizi unutmamaq üçün belə tədbirlərin əhəmiyyətini vurğuladı: “II Milli Yaylaq Festivalında da bizim tariximiz və mədəniyyətimiz nümayiş etdirilir. Bizlər tariximizi və mədəniyyətimizi dərindən öyrənməli, gələcək nəsillərə çatdırmalıyıq”.

Daha sonra çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və TİKA-nın Bakı üzrə koordinatoru Fatih Yılmaz festivalın əhəmiyyətini yüksək qiymətləndirdilər. Bu cür festivalların birləşdirici, həm də mədəniyyətlərin, adət və ənənələrin qarşılıqlı tanınması və təbliği baxımından vacib olduğu vurğulandı.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Pantomima Teatrı, Bakı Dövlət Sirki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları maraqları səhnə nümunələri ilə festivala rəng qatdılar.

Konsert proqramında isə əvvəlcə Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” uşaq rəqs ansamblı “Çobanlar” rəqsi ilə səhnədə yerini aldı. Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, Gəncə Dövlət Filarmoniyasının solisti Rövşən Məmmədov, Özbəkistan Dövlət Konservatoriyası Xarəzm bölməsinin nümayəndələri, “Aylanay” Dağıstan Noğay Dövlət Folklor-Etnoqrafik Ansamblı, Təbrizdən “Barış” qrupu, türkiyəli sənətçi Kaya Kuzucu çıxış etdilər.

Festivaldakı çal-çağıra ana təbiət də “reaksiya” verdi. Qəfil yağış iştirakçıların məhz yaylaqda olduqlarını onlara xatırlatdı. Əlverişsiz hava şəraitinə görə konsert proqramının bir neçə nömrəsi təxirə salınmalı oldu.

 

120 mindən artıq tamaşaçı

 

İyulun 31-i, festivalın son günüdür. Xan yaylağında yenə qələbəlikdir. Təqdim olunan bədii proqramlardan zövq alan qonaqlar onun bitməsini heç istəmirlər.

Ölkəmizin musiqi kollektivləri, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər respublikalardan olan ifaçılar səhnələrdə biri-birini əvəzləyir. Axşam saatlarına nəzərdə tutulan konsert isə, yenə qara buludların qaş-qabağını töküb, gözlərini sıxması səbəbindən, baş tutmur...

Beləcə, Hacıkənd qəsəbəsindəki Xan yaylağında keçirilən II Milli Yaylaq Festivalı başa çatır. Xan oylağına cəm olanlar üç gün ərzində Azərbaycan Milli Konservatoriyası, Akademik Musiqili Teatr, Şuşa Dövlət Musiqili Dram Teatrı, Dövlət Pantomima Teatrı, Bakı Dövlət Sirki, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Yazıçılar Birliyi, Aşıq Pəri Məclisi, Dədə Ələsgər Ocağı, həmçinin Gəncə, Saatlı, Masallı, Balakən və Qubanın musiqi, rəqs və folklor kollektivlərinin çıxışlarından zövq aldılar. Festival proqramında Azərbaycanda yaşayan azsaylı xalqların çıxışlarına xüsusi yer ayrılmışdı. Axısxa türkləri, dağ yəhudiləri, talışlar və  avarların mədəniyyət kollektivləri öz koloritli ifaları ilə tamaşaçıların diqqətini cəlb etməyi bacardılar.

Qonaqlar yorğa və çaparaq at yarışları, güləş yarışı, qurşaq güləşi kimi müsabiqələri, atüstü milli oyunlar, zorxana, oxatma, kəndirbaz və pəhləvanların nümunəvi çıxışlarını izlədilər. Həmçinin masa güləşi, kəmənd dartma, nərd, çuval-qaçdı, qalaqapı kimi kütləvi oyunlarda iştirak etdilər. Bəzi festival iştirakçıları və turistlər isə xüsusi etno-qəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş yurd yerlərində öz çadırlarını quraraq gecələdilər. Bundan başqa, bölgənin məşhur yerlərinə hiking turları, atlı gəzintilər, tarixi ekskursiyalar və yamac paraşütü turları da təşkil edildi.

Günün sonunda isə yaylaq həyatı tonqal başında nağıllar, musiqilər, rəqslər, interaktiv oyunlar, səssiz kino, qiraət kimi gecə əyləncələri ilə davam etdi.

II Milli Yaylaq Festivalı miqyasına, əhatə etdiyi coğrafi areala və iştirakçı sayına görə Azərbaycanın ən böyük kütləvi tədbirlərindən biri kimi tarixə qovuşdu. Təşkilatçıların bildirdiyinə görə, festivala üç gün ərzində 20-dən çox ölkədən 300-ə yaxın iştirakçı və fəxri qonaq, 120 mindən artıq isə tamaşaçı qatılıb.

Yaylaqlarımızın boş qalmaması, çal-çağırlı olması diləyilə

Nurəddin Məmmədli
Bakı-Hacıkənd-Bakı