Aşıq Ələsgərin heykəli ilə bağlı müsabiqənin birinci mərhələsində təqdim olunan eskizlər ekspert komissiyası tərəfindən qənaətbəxş hesab edilməyib.

Mədəniyyət naziri Anar Kərimov bu barədə avqustun 2-də jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, müsabiqə davam edir və ikinci mərhələdə yeni eskizlər təqdim edilib. Müsabiqədə gənc heykəltəraşlar da iştirak edir. “Hesab edirəm ki, ikinci mərhələnin elan edilməsi müsabiqənin nə qədər şəffaf olduğunu göstərir. Ümid edirik ki, ikinci mərhələ zamanı təqdim olunan eskizlərdən biri seçiləcək”, – deyə Anar Kərimov bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il noyabrın 30-da imzaladığı sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Ötən il dekabrın sonunda Mədəniyyət Nazirliyi Aşıq Ələsgərin abidəsi ilə bağlı eskiz-layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan edib. Müsabiqəyə 2022-ci il iyulun 15-də yekun vurulmalı idi.