Abidələrin elektron xəritəsinin hazırlanması məsələsi də gündəmdə olub

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərliyi ilə ekspertlərdən ibarət qrup Qazax rayonunda yerləşən bir sıra tarix-mədəniyyət abidələrinə baş çəkib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov, Xarici İşlər Nazirliyi Şərqi Avropa şöbəsinin müdiri Fəxri Hacıyev, “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-nin ekspertlərinin də iştirakı ilə dünya əhəmiyyətli tarixi abidə olan “Sınıq körpü”də aparılan bərpa işləri ilə əlaqədar əraziyə baxış keçirilib.

Heyət ADA Universitetinin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasının tarixi binasında, yerli əhəmiyyətli memarlıq abidəsi olan İsrafil ağa hamamında və Cümə məscidində görülmüş işlərlə də tanış olub.

Daha sonra Qazax Rayon İcra Hakimiyyətində rayonda mövcud olan digər tarixi abidələrin mövcud vəziyyəti və abidələrin bərpası ilə bağlı nəzərdə tutulan işlər barədə müzakirə, gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Abidələrin elektron xəritəsinin hazırlanması, kataloqlaşdırılması kimi məsələlər də nəzərdən keçirilib.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində tarixi abidələrin qorunması, bərpası sahəsində görülmüş işlərdən söz açıb. Qeyd olunub ki, səfərin əsas məqsədi rayondakı tarixi abidələrin mövcud vəziyyətini yerində öyrənməkdir.

İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda tarixi abidələrin bərpası ilə bağlı həyata keçirilən işlərin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bütün bunlar ölkə başçısının bu sahəyə qayğısının nümunəsidir.

Səfər zamanı Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə abidə mühafizəçiləri ilə görüş keçirilib.  Abidə mühafizəçilərinə fəaliyyəti ilə bağlı təlimatlar verilib. Heyət nümunəvi tərtibatı və zəngin ekspozisiyası olan Qazax Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət edib.