Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsi başa çatır. Festivalın finalı və qala-konserti mədəniyyət paytaxtımız Şuşada keçiriləcək.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən bildirilib ki, müsabiqənin final gecəsi avqustun 5-də, qala-konsert isə avqustun 6-da gerçəkləşəcək.

Finala və qala-konsertə tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri dəvət olunub. Final gecəsinin açılışını Xalq artisti Mənsum İbrahimov edəcək. Ardınca iştirakçıların ifaları dinləniləcək, sonra münsiflər heyətinin qərarı ilə qaliblər elan olunacaq.

Qala-konsertdə bu günədək keçirilən səkkiz Muğam müsabiqəsinin qalib və mükafatçıları səhnəyə çıxacaqlar. İfalar müsabiqənin keçirildiyi illər üzrə iştirakçıların dueti şəklində təqdim olunacaq.

Müsabiqənin finalı ötən il bərpa və yenidənqurmadan sonra açılışı keçirilən Bülbülün Ev-Muzeyinin həyətində, qala-konsert isə Cıdır düzündə təşkil olunacaq. Hər iki konsert proqramı AzTV, “Mədəniyyət” TV və Azərbaycan Radiosu vasitəsilə saat 16:00-dan etibarən canlı yayımlanacaq. İkisaatlıq muğam ziyafətini AzTV və “Mədəniyyət” TV-nin rəsmi “Facebook” və “Youtube” səhifələrində də canlı izləmək mümkün olacaq. Bununla yanaşı, avqustun 5-6-da saat 21:00-da Dənizkənarı Milli Parkdakı böyük monitorda VIII Muğam Televiziya Müsabiqəsinin finalı və qala-konserti nümayiş etdiriləcək.

Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlanıb, yarışmaya mayın 10-da start verilib. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.

2005-ci ildən etibarən keçirilən “Muğam” müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparmasıdır.