İşğaldan azad olunmuş Ağdam rayonu ərazisində qədim tarixə malik maddi mədəni irs nümunələri aşkar edilib.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad olunan ərazilərdə Dövlət Xidməti tərəfindən müvafiq qaydada monitorinqlər və mühafizə tədbirləri həyata keçirilir: “Nazirlər Kabinetinin 132 nömrəli qərarına uyğun şəkildə Ağdam rayonu üzrə dövlət qeydiyyatına götürülən tarix və mədəniyyət abidələrindən olan rayonun Mireşelli kəndində yerləşən Şomullutəpə və Paşabəyli kəndi ərazisindəki Rəsultəpə yaşayış yerindən yağış sularının yuyulması nəticəsində Qədim və Orta əsrlərə aid küp qalıqları və saxsı qabların parçalanmış hissələri aşkar edilib.

Aşkar olunmuş maddi mədəniyyət nümunələri Ağdamın Qaradağlı kənd Mədəniyyət evində fəaliyyət göstərən rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.