Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə avqustun 8-dən 12-dək “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, ənənəvi konfransın bölmələrlə Ankara, Nevşəhir və Kayseri şəhərlərində keçirilməsi nəzərdə tutulub.

Azərbaycan heyətinin də qatılacağı konfransdan əvvəl Ankaranın Altındağ rayonunda yerləşən Cəbəci Asri məzarlığında şəhid türk diplomatların qəbirləri ziyarət ediləcək.

Xatırladaq ki, 1973-1984-cü illərdə xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatları və ailələri erməni terror təşkilatları tərəfindən genişmiqyaslı hücumlara məruz qalıblar. Məqsədli və amansızcasına törədilən 90 terror aktı nəticəsində 41 türk diplomat və ailə üzvü şəhid olub. Türkiyə diplomatiyası XX əsrin sonunda ən çox sayda və ağır nəticələr verər terror aktları ilə üz-üzə qalıb. Təəssüf ki, türk diplomatlarına qarşı bu bəşəri cinayətləri törədən erməni terrorçuların əksəriyyəti sonralar müxtəlif bəhanələrlə həbsdən azad ediliblər. Daha bir təəssüfləndirici məqam isə Ermənistanın həmin terrorçuları qəhrəmanlaşdıraraq terrora dəstək verməkdə davam etməsidir.

Mehparə Sultanova
Ankara