Laçın-Kəlbəcər istiqamətində şəhid olan hərbi qulluqçular dəfn edilib

 

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbi qulluqçuları Samir Xudiyev və Tahir Əliyev dəfn olunublar.

Samir Xudiyevin cənazəsi yaylım atəşləri altında Ramana qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.

Şəhid Tahir Əliyev Ağstafa rayonunda Şəhidlər xiyabanında dəfn olunub.

Mərasimdə şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib. Yaylım atəşindən sonra tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.

***

Avqustun 5-i Kəlbəcər rayonunda minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyev doğulduğu Culfa rayonunun Ləkətağ kəndində son mənzilə yola salınıb.

Şəhidin nəşi Naxçıvan Beynəlxalq Hava Limanından doğulduğu Culfa rayonunun Ləkətağ kəndinə gətirilib. Şəhidimizin cənazəsi izdihamla qarşılanıb, qəhrəman Vətən oğlu “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə Ləkətağ kənd qəbiristanlığında son mənzilə yola salınıb.

Dəfndə mərasimində Əlahiddə Ümumqoşun Ordunun, muxtar respublikanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər qeyd ediblər ki, şəhid leytenant Babək Əliyev 44 günlük Vətən müharibəsində Kəlbəcər, Cəbrayıl, Füzuli istiqamətində döyüşlərdə şücaət göstərib.

Şəhidin tabutu üzərindəki bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib, yaylım atəşi açılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.