Xəbər verildiyi kimi, 8-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçirilir. Oyunlarda Azərbaycan idmançıları da uğurla iştirak edirlər.

Avqustun 11-də Konyadakı “Atletlər kəndi”ndə ”Azərbaycan günü” keçirilib.

Tədbirdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin gənclik və idman naziri Mehmet Kasapoğlu, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, müxtəlif ölkələrin milli olimpiya komitələrinin nümayəndələri, idmançılar və könüllülər iştirak ediblər.

Azərbaycan MOK-un baş katibi Azər Əliyev iştirakçıları salamlayaraq sonuncu İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirildiyini xatırladıb. Qeyd edib ki, koronavirusla əlaqədar fasilədən sonra qardaş Türkiyədə, tarixi Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarına şahidlik edirik. Azərbaycanın Oyunlara 200-dən artıq idmançıdan ibarət böyük heyətlə qatıldığını söyləyən A.Əliyev deyib: “İdman heyətimizdə Olimpiya çempionları, bir neçə qat dünya çempionları, eləcə də gənc idmançılar var və onlar öz güclərini dünyaya nümayiş etdirirlər. Bu İslamiadanın yüksək səviyyədə təşkil olunmasına və burada bizə göstərilən qonaqpərvərliyə görə qardaş Türkiyədən olan təşkilatçılara öz dərin minnətdarlığımı bildirirəm”.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Musiqili gecədə müğənni İsmayıl İsmayılzadənin çıxışı, milli rəqs qrupunun ifasında “Tərəkəmə”, “Cəngi”, “Dərbəndi”, “Naz eləmə”, “Sarı gəlin” və “Tambourine” rəqsləri tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanıb.

“Şuşa” musiqi qrupunun və Azərbaycan Dövlət Filarmoniyasının solisti Nurlanə Abdullazadənin ifaları ilə tədbirə yekun vurulub.

Xatırladaq ki, Konya şəhərində V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, pandemiya səbəbindən bir il təxirə salınıb. Oyunlarda 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Qədim tarixi olan Konya şəhəri İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Müxtəlif mədəniyyətlərin bir araya gəldiyi şəhərdə böyük təsəvvüf şairi Cəlaləddin Ruminin türbəsi və digər tarixi məkanlar hər il yüz minlərlə insan tərəfindən ziyarət olunur.

İslam Həmrəyliyi Oyunları ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanın Məkkə şəhərində keçirilib. Daha sonra İranın paytaxtı Tehranda (2010) keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü İslamiadaya 2013-cü ildə İndoneziyanın Palembanq şəhəri, IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə (12-22 may) Bakı ev sahibliyi edib. VI İslam Həmrəyliyi Oyunlarının 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçirilməsi nəzərdə tutulur.

Mehparə Sultanova
Ankara