21-24 avqust tarixində Rusiyanın Sankt-Peterburq şəhərində III Lendok Beynəlxalq Film Festivalı (LEFF) keçiriləcək. Sankt-Peterburq Sənədli Filmlər Studiyasının (keçmiş Leninqrad Kinoxronika Studiyası – Lendok) 90 illiyinə həsr edilmiş festivalda postsovet ölkələrinin filmləri nümayiş olunacaq.

Festivalın proqramında Azərbaycan kinematoqrafiyasının görkəmli nümayəndəsi, Xalq artisti, Dövlət mükafatları laureatı, rejissor Rasim Ocaqovun “İstintaq” filmi də yer alıb. Film avqustun 21-də tamaşaçılara nümayiş etdiriləcək.

“Azərbaycanfilm” Kinostudiyasında 1979-cu ildə lentə alınan “İstintaq” filmi (ssenari müəllifi Rüstəm İbrahimbəyov) o dövrdə ictimai məsələləri cəsarətlə qaldıran, ciddi sosial, mənəvi-etik mövzulara toxunan ekran əsəri kimi ittifaq miqyasında geniş rezonans doğurmuşdu. 1981-ci ildə filmin yaradıcı heyətinə (ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissor Rasim Ocaqov, quruluşçu operator Rafiq Qəmbərov, quruluşçu rəssam Fikrət Bağırov, aktyorlar Aleksandr Kalyagin, Həsən Məmmədov və Şəfiqə Məmmədova) SSRİ Dövlət mükafatı verilib.

Lalə