Əldə olunacaq vəsait işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasına xərclənəcək

 

Xəbər verdiyimiz kimi, sentyabrın 7-dən 11-dək Bakıda 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

“Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi və “PERİ FİLM” şirkətinin təşkil etdiyi festivalın tərəfdaşları Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Nizami Kino Mərkəzi, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutu, Çexiyanın Azərbaycandakı Səfirliyi, Yaponiyanın Azərbaycandakı Səfirliyi və Yaponiya Fondu, eləcə də bir sıra özəl studiya və şirkətlərdir.

Nizami Kino Mərkəzində təşkil olunacaq festivalın filmlərinə bilet satışı elan edilib. “İqlim dəyişikliyi” mövzusuna həsr olunan budəfəki festival “Bir bilet = bir ağac” şüarı altında keçiriləcək. Bilet satışından əldə olunacaq vəsait işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Festival tamaşaçılara üç əsas proqram təqdim edəcək: müsabiqə proqramı, müsabiqədənkənar proqram və peşəkarlar üçün proqram. Animasiya filmlərinin nümayişi ilə yanaşı, yerli və xarici peşəkarların iştirakı ilə vörkşoplar və ustad dərsləri də təşkil olunacaq.

Festivala 50 ölkədən 230 film təqdim olunub. Seçim komissiyası müsabiqə proqramına 29 ölkədən 76 film qəbul edib. Müsabiqə iştirakçıları 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə mükafatlar uğrunda yarışacaqlar. Seçilmiş filmləri beynəlxalq jüri və azərbaycanlı uşaqlardan ibarət münsiflər heyəti izləyəcək. Beynəlxalq münsiflər heyətinə 6 əcnəbi peşəkar daxildir: Jonathan Laskar (İsveçrə), Jorn Leeuwerink (Niderland), Tilly Wallace), Markus Ovre, Daniel Bird (hər üçü Böyük Britaniya), Nodar Beqiaşvili (Gürcüstan).

Bundan əlavə, bu il “Tamaşaçı seçimi” müsabiqəsinin qalibi film nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri əsasında müəyyənləşəcək, qalibə “Lenovo”nun mükafatı təqdim olunacaq. Festivalın digər nominasiyalarında mükafatlar “TVPaint Développement” (“Ən yaxşı tələbə animasiya filmi”), Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutu (“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi”) və “Shahmaran Metaceramica” tərəfindən təqdim olunacaq.

Müsabiqədənkənar proqramda iqlim dəyişikliyi ilə bağlı filmlər, uşaqlar üçün “Ana təbiət” proqramı, Çexiyanın “Hətta siçanlar da cənnətə aiddir” tammetrajlı filmi, Ukrayna animasiyası, virtual sərgi və Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalib filmləri təqdim olunacaq. Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə “Hava övladı” adlı tammetrajlı animasiya filmi nümayiş etdiriləcək.

Peşəkarlar üçün proqramda hazırda üzərində iş gedən Azərbaycan animasiya filmləri təqdim olunacaq. Bundan əlavə, beynəlxalq münsiflər heyəti ilə görüşlər, rejissor Jonathan Laskarın (İsveçrə) ustad dərsi, Nitya Ramlogan (ABŞ), Tilly Wallace (İngiltərə) və Nəzrin Ağamalıyevanın (Azərbaycan) iştirakı ilə “Stop motion” və “Şüşə üzərində animasiya” vörkşopları da nəzərdə tutulub.

Festival çərçivəsində animasiya restavrasiyasına dair “Animasiyanın refreyminqi: rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası” adlı konfrans da keçiriləcək.