Postmünaqişə dövrünün yeni mərhələsi başlanır

 

Məlum olduğu kimi, Vətən müharibəsinin başa çatdığını elan edən 2020-ci ilin 10 noyabr tarixli Bəyanatının müvafiq bəndinə uyğun olaraq, Azərbaycan tərəfi Laçın dəhlizinə alternativ yolun çəkilməsini başa çatdırıb. Bununla bağlı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi dəhliz və Laçın şəhəri avqustun sonunadək Azərbaycanın tam nəzarətinə keçməlidir.

Avqustun 23-də Bakıda bu mövzuda iki dəyirmi masa keçirilib.

Sosial Tədqiqatlar Mərkəzində təşkil olunan “Laçın və Laçın yolu: Vətən müharibəsində Qələbənin strateji vektoru” mövzusunda dəyirmi masada millət vəkilləri, media və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Tədbirin moderatorluğunu Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu edib. O bildirib ki, Laçın dəhlizinə alternativ yolun çəkilməsi istiqamətində Azərbaycan üzərinə düşən bütün addımları atıb, 32 km uzunluğunda yolu öz ərazisində tamamlayıb. Ermənistan isə bu günə qədər məsələ ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Qeyd edilib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə suverenliyinin tam bərpası uğrunda strategiyanı uğurla həyata keçirir, eyni zamanda bu ərazilərdə infrastruktur layihələri gerçəkləşdirilir. Ermənistanın yeni dəhlizlə bağlı layihənin reallaşmasından kənarda durmaqla, əslində, Qarabağda yaşayan ermənilərin taleyi ilə maraqlanmadığını nümayiş etdirir. Ermənistanın sərgilədiyi mövqe Azərbaycan ərazisində yaşayan ermənilərin talelərini yalnız Azərbaycana bağlaya biləcəklərini göstərir.

Milli Məclisin deputatı Hikmət Məmmədov Laçın yoluna üçtərəfli bəyanatın şərtləri kontekstində diqqət çəkib. Qeyd edib ki, 30 ilə yaxın işğala son qoyulandan sonra Cənubi Qafqazda yeni siyasi reallıq yaranıb. Azərbaycan öz milli gücünün müxtəlif komponentlərini işə salaraq, yumşaq və hərbi gücü paralel tətbiq edərək özünün qüdrətini bir daha göstərir.

Laçında davam edən ekoloji terror və mədəni abidələrə qarşı erməni vandalizmindən bəhs edən STM-in İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova bu əməllərin insanlıq əleyhinə cinayət kimi beynəlxalq hüquqi qiymətləndirilməsinin önəmini vurğulayıb. Qeyd edib ki, Ermənistanın üzərinə götürdüyü təəhhüdə əsasən, Laçın şəhəri, Zabux və Sus kəndlərinin tamamilə boşaldılması avqust ayının sonuna kimi yekunlaşacaq. Bundan əvvəl 2020-ci ilin dekabrında olduğu kimi, ermənilər tərk etdikləri ərazilərdə apara bilmədikləri nə varsa hamısını yandırmağa, məhv etməyə, dağıtmağa başlayıblar.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov beynəlxalq hüquq kontekstində Laçın rayonunda qanunsuz məskunlaşdırma mövzusuna toxunub. Bildirib ki, 30 ilə yaxın davam etmiş, 44 günlük müharibəylə son qoyulmuş işğal dövründə Ermənistan kütləvi şəkildə beynəlxalq cinayətlər törədib ki, bunlardan biri qanunsuz məskunlaşdırmadır.

***

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) keçirilən “Laçın: Postmünaqişə dövrünün yeni mərhələsi” adlı dəyirmi masada da bu mövzuda müzakirələr aparılıb.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev artıq Laçın şəhərinə nəzarətin Azərbaycana keçdiyini deyib. Bildirib ki, Laçının statusu həmişə danışıqlar zamanı xüsusi yer tuturdu. Minsk qrupu çərçivəsində də Laçın məsələsi ayrı bir maddə kimi müzakirə olunurdu.

BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova Laçının strateji cəhətdən önəmini qeyd edib. Diqqətə çatdırılıb ki, Ermənistan üçtərəfli Bəyanatdakı öhdəlikləri yerinə yetirməkdən yayınır. Ancaq Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşanların əksəriyyəti Yaxın Şərq ölkələrindən gətirilmiş ermənilərdir, onlar bu torpaqları tərk etməlidirlər.

Digər çıxışlarda vurğulanıb ki,  Laçın Qarabağın qapısıdır. Bu günlərdə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ümumən Cənubi Qafqazda təhlükəsizlik mühitinə böyük töhfə verəcək.