İlin əvvəlindən Türkiyəyə xarici ölkələrdən səfər sayı 28 faiz artıb

 

2022-ci ilin yeddi ayı (yanvar-iyul) ərzində Türkiyəyə 23 milyon 30 mindən çox xarici turist gəlib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz çoxdur.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumata əsasən, əcnəbi ziyarətçilərin böyük əksəriyyəti iyul ayında ölkəyə gəlib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 52,8 faiz artaraq 6 milyon 665 min nəfər təşkil edib.

Türkiyəyə ən çox turist isə Almaniya, Rusiya və İngiltərədən gəlib. Yanvar-iyul ayları ərzində Almaniyadan 2 milyon 992 min, Rusiyadan 2 milyon 197 min, İngiltərədən isə 1 milyon 810 min nəfər Türkiyəyə səfər edib. Hər üç ölkədən Türkiyəyə gələnlərin sayında ötən il ilə müqayisədə əhəmiyyətli dərəcədə artım müşahidə olunur.

Bununla belə, Türkiyənin bu il də xarici turist sayında pandemiyadan öncəki rekorda çatması hələ real görünmür.

Xatırladaq ki, 2019-cu ildə qardaş ölkəyə gələn əcnəbi qonaqların sayı 2018-ci illə müqayisədə 14 faiz artaraq 45 milyon 58 min nəfər olmuşdu. O cümlədən Rusiyadan ölkəyə rekord sayda – 7 milyon 17 min (bir öncəki illə müqayisədə 17 faiz artım) turist gəlmişdi.

2020-ci ildə pandemiya səbəbindən xarici turist sayı cəmi 16 milyon nəfər olmuşdu. 2021-ci ildə bu rəqəm 30 milyona çatsa da (əvvəlki ilə nisbətən 88 faiz artım), yenə Türkiyə üçün son illərin aşağı göstəricisi idi.

Nəhayət, bu il Türkiyənin xarici turist sayı ilə heç olmasa 2018-ci ilin göstəricisini (39 milyon nəfər) üstələməsi mümkün görünür.

V.Kamal