Deyilənə görə, II Şah Abbas şimal yürüşlərindən birindən qayıdanda qoşunu kütləvi surətdə xəstələnir. Həmin vaxt şahın qoşunları qədim Şabranın ərazisindən keçirmiş. Şaha xəbər verirlər ki, yaxınlıqda boz qayaların arasında yerdən su qaynayır. Şah Abbasın göstərişi ilə qoşun həmin suda çimir. Çox çəkmir ki, şahın əsgərləri tamamilə sağalır və Təbrizə yola düşür. Şah Abbas bu hadisədən sonra həmin ərazidə iki hovuz tikdirir. Yerli əhali indi də 45 dərəcə temperaturda yerdən çıxan su ilə dolu olan həmin hovuzlardan istifadə edir.
   
   Hər qarışı, hər daşı bax beləcə tarixi əfsanələrlə zəngin Şabran şəhərinə dekabrın 15-də infotur təşkil olundu. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan infoturda nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, mətbuat katibi Zöhrə Əliyeva, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdi.
   Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən, Şabran şəhəri 2011-ci ildə “Azərbaycanın Əfsanələr Paytaxtı” elan olunub və səfər də bu çərçivədə həyata keçirilən tədbirlərdən biri idi.
   
   Şabran: qısa tarixi arayış
   
   «Şabran» sözünün mənası barədə müxtəlif versiyalar irəli sürülür. Əsas versiyalardan biri şəhərin adının burada yaşayan tayfaların adından götürülməsi ilə bağlıdır. Ehtimal olunur ki, qədim dövr tarixçisi Ptolomeyin əsərində göstərilən şapotren tayfalarının adı dəyişikliyə uğrayaraq tədricən “Şabran” şəklinə düşüb. Bəzi müəlliflər bu məfhumun fars dilində “şəb” qaranlıq, “ran” isə məkan mənası verdiyini bildirir, digər tədqiqatçılar isə hələ 1124-cü ilə aid gürcü xronikasında bu ifadənin Şaburan kimi işlənməsini qeyd edirlər. Şabran şəhərinin salınması Sasani hökmdarı Xosrov Ənuşirəvanın adı ilə bağlansa da, bu ərazinin əsas sakinlərinin qədim türk tayfaları - sabirlər olduğu güman edilir. Belə ehtimal olunur ki, sapotren, sabur, sabir, şaburan, şavaran - bunlar hamısı forma dəyişikliyinə düşərək “Şabran” şəklini alıb.
   Qədim Şabranda tapılan maddi-mədəniyyət nümunələri burada tarixən müsəlmanlarla yanaşı, xristian və yəhudilərin də yaşadığını deməyə əsas verir. Tolerant bir şəhər kimi tanınan Şabran digər cəhətləri ilə də fərqlənib. Tarixçilər qeyd edir ki, qədim Şabranda qibtə ediləcək səviyyədə istehsal sahələri olub və şəhərsalma prinsiplərinə əməl edilib. O dövrdə tikinti materialı kimi geniş istifadə olunan qırmızı kərpic məhz Şabran şəhərində istehsal edilirdi.
   
   «Əfsanələr paytaxtı» Şabranın tanınması üçün əlavə fürsətdir
   
   İnfotur iştirakçıları ilə Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində görüşən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bu məlumatlara əlavə olaraq onu bildirdi ki, Azərbaycanın qədim torpaqlarından olan Şabranın ərazisində 140-dan çox tarixi abidə, qədim yaşayış məskəni var. Rayonun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğuldur, amma burada sənayenin müxtəlif sahələri də inkişaf edib. İcra başçısı jurnalistlərə 2011-ci il ərzində «Əfsanələr Paytaxtı»nda görülən işlər, həyata keçirilən layihələr barədə də ətraflı məlumat verdi. Qeyd olundu ki, rayon sakinlərinin mədəni istirahətinin təşkili, Şabranın qədim tarixi-mədəni irsimizi yaşadan, turizm potensiallı bölgə kimi daha da tanıdılması üçün hər zaman diqqət mərkəzindədir: «Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şabranın «Azərbaycanın Əfsanələr Paytaxtı» elan edilməsi bu sahədə bizim üçün böyük bir fürsətdir”.
   Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev «Əfsanələr Paytaxtı» ilində Şabranda görülən işlərdən söz açdı. Onun sözlərinə görə, il ərzində yeni mədəniyyət obyektləri tikilib, köhnələr təmir və bərpa edilərək müasir avadanlıqlarla təchiz edilib: «Rayon rəhbərliyi də mədəniyyətə böyük diqqət göstərir. Ona görə də çalışırıq ki, Mədəniyyət və Turizm Nazirliyi olaraq burada birgə layihələr həyata keçirək».
   Şabran Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əhməd Səmədov çıxışında qeyd etdi ki, bölgədə 20-yə yaxın turizm obyekti fəaliyyət göstərir. Bunlardan 4-nün lisenziyası var. «Turizm ili»ndə rayona gələn insanların sayı artaraq 10 min nəfərə çatıb. Son dövrlər Şabrana xarici turistlər də daha çox maraq göstərirlər.
   
   Mədəniyyət müəssisələri ilə tanışlıq
   
   İcra başçısı ilə görüşümüz yekunlaşandan sonra Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əhməd Səmədovun müşayiəti ilə rayonun mədəniyyət obyektlərinə baş çəkdik. Qonaq olduğumuz ilk məkan «Pirəvədil» Xalça MMC oldu. Müəssisənin rəhbəri Məleykə Xəlilova bildirdi ki, «Pirəvədil» xalça sexi 2004-cü ildən fəaliyyət göstərir. Burada müxtəlif ölçülərdə və rəngarəng çeşidlərdə xalçalar toxunur.
   Şabran Rayon Uşaq Yaradıcılıq Mərkəzinə ziyarətimiz qısa sürsə də, yaddaqalan oldu. Bu ilin avqustunda ölkə prezidentinin rayona səfəri zamanı istifadəyə verilən mərkəzdə uşaq kitabxanası, kompyuter otağı, nağıl otağı və s. fəaliyyət göstərir. Mərkəzin müdiri Səkinə Həsənova deyir ki, uşaq kitabxanasına təkcə uşaqlar deyil, böyüklər də müraciət edirlər. Hazırda 2500 oxucusu olan kitabxananın 15 mindən artıq ədəbiyyat fondu var. Burada sürətli internetlə təchiz olunmuş elektron kitabxana sistemi mövcuddur.
   Rayonun mərkəzində yerləşən Kitab Evində isə xarici ədəbiyyatdan elmi-publisistik əsərlərə qədər bütün mövzularda kitablar almaq mümkündür.
   Şabranın ən böyük mədəniyyət obyektlərindən biri də rayon mədəniyyət evidir. Burada yaradılmış Heydər Əliyev guşəsi öz forma və tərtibatına görə diqqəti cəlb edir. Mədəniyyət evinin girişində xalq tətbiqi sənət nümunələri, Pirəvədil xalçaları, Şabran sənətkarlarının əl işləri bütün gün ərzində nümayiş etdirilir.
   Mədəniyyət evinin geniş tamaşa zalı var. Burada bizi Şabran rayonunun «Xınayaxdı» və «Çıraqqala» xalq kollektivləri qarşıladı. «Xınayaxdı» folklor kollektivinin bədii rəhbəri Bayram Ağasıyev kollektiv haqqında məlumat verdi. Bildirdi ki, 1996-cı ildə yaradılan «Xınayaxdı» üç dəfə azsaylı xalqların respublika festivalında iştirak edib, Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. Sonra bu musiqi kollektivinin ifasında «Biçinci» nəğməsinə və Azərbaycan toylarının ənənəsi olan «Xınayaxdı» mərasiminə tamaşa etdik.
   
   Şabranda gözəl ədəbi mühit var
   
   Şabranda baş çəkdiyimiz növbəti məkan Tarix-Diyarşünaslıq Muzeyi oldu. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə əsaslı təmirdən çıxan muzey barədə direktor Şəfiqə Məmmədova məlumat verdi. Onun sözlərinə görə, 1993-cü ildən fəaliyyət göstərən muzeydə 3200-dən çox eksponat var. Muzey 8 bölmədən ibarətdir. Burada Heydər Əliyev guşəsi, Qədim dünya, Qədim Şabrandan görüntülər, Qonaqlar qədim Şabranda, Şabran - Azərbaycanın əfsanələr paytaxtı və s. guşələr var. Muzeyin həyətində isə açıq səma altında muzey yaradılıb.
   Şabrandakı “Poeziya evi” də özünəməxsusluğu ilə diqqəti cəlb edir. Qeyd edək ki, rayonda gözəl ədəbi mühit var. Bunun bir ənənəsi də rayonun tarixi ilə bağlıdır. Vaxtilə Azərbaycanın böyük şairlərindən olan Əfzələddin Xəqani Şabranda qazamatda yatıb. Şah Axsitanın əmri ilə həbs edilən şair Şabran qalasında məşhur «Həbsiyyə» şeirini yazıb. Elə Poeziya evinin qarşısında də şairin heykəli qoyulub.
   
   Qədim tarixin qalıqları
   
   «Əfsanələr paytaxtı»na səfərimiz qədim Şabran şəhərinin qalıqları ilə tanışlıqla yekunlaşdı. Qədim Şabran şəhərinin qalıqları Şahnəzərli kəndi yaxınlığında yerləşir. Tarixçi Əsədulla Hüseynovun sözlərinə görə, bu kəndin tarixi min illərlə ölçülür. Burada 1979-cu ildən 0,9 hektar sahədə qazıntı işləri aparılıb. Tarixçinin fikrincə, şəhərdə yaşayış eramızın V-VI əsrlərindən mövcud olub. Şəhərin 2500 il tarixi var. Həmin vaxt burada 15-20 min nəfər əhali yaşayıb. İpək Yolunun üzərində yerləşən Şabran şəhəri tarix boyu üç dəfə dağıntıya məruz qalıb.
   
   * * *
   Biz Bakıya yola düşəndə artıq şər qarışmışdı. Tarixi şəhər və əfsanələr diyarına səfərdən zəngin təəssüratla dönürdük. Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən növbəti səfərimiz isə “Azərbaycanın Folklor Paytaxtına” - Lənkərana olacaq.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar