Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar İttifaqının üzvü, şairə Tamilla Axundova Moskvada Aleksandr Kuprin adına “Nar bilərzik” ədəb-ictimai mükafatına layiq görülüb.

Görkəmli rus yazıçısı Aleksandr Kuprinin adına mükafat Rusiya Yazıçılar Birliyinin Moskva şəhər təşkilatı tərəfindən təsis edilib. Tamilla Axundova mükafatın diplomu və “A.İ.Kuprin” medalı ilə təltif edilib.

İxtisasca həkim-psixiatr olan Tamilla Axundova çoxsaylı şeir kitablarının müəllifidir. Onun ədəbi yaradıcılığında sevgidən, fəlsəfi düşüncələrdən söhbət açılır. Bir sıra mükafatlara sahib olan şairənin Bakıda və Moskvada yaradıcılıq gecələri təşkil edilib. O, həmçinin  Rusiya Yazıçılar İttifaqının “Axın” beynəlxalq ədəbi müsabiqəsinin laureatıdır.

Hazırda “Art Loja – T” ədəbi klubunun rəhbəri olan Tamilla Axundovanın sözlərinə bəstəkarlar romanslar bəstələyiblər. Ötən ilin oktyabrında Bakıda müəllifin “Kabalettı” kitabının təqdimatı keçirilib. Kitaba əsrarəngiz romantizm, yüngül zəriflik və incəliklə dolu olan şeirlər, fəlsəfi oçerklər, hekayələr, romanslar və poemalar daxil edilib.

Lalə Azəri