Prezident İlham Əliyev avqustun 30-da Özbəkistan Respublikasının mədəniyyət xadimlərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Haşimjon İsmayılov, Əli Heydər oğlu Nəsirli, Kamoliddin Turdimuratoviç Urinbayev “Dostluq” ordeni ilə təltif ediliblər.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilib.

Özbəkistanın tanınmış müğənnisi Nəsibə Abdullayeva ötən əsrin 80-90-cı illərindən Azərbaycanda da populyarlıq qazanıb. Repertuarında məşhur Azərbaycan mahnılarına xüsusi yer ayıran sənətçi ölkəmizdə konsert proqramları ilə çıxış edib. Müğənni 1993-cü ildən Özbəkistanın Xalq artistidir.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şafkat Mirziyoyevin sərəncamı ilə azərbaycanlı müğənni, Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanın Xalq artisti adına layiq görülüb. Bu barədə sənətçinin özü məlumat verib.