Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü və maliyyəsi ilə “Azərbaycan musiqisinin inciləri” adlı kitab nəşr olunub.

Fonddan bildirilib ki, Azərbaycan Respublikasının Himni ilə başlayan, xalq və bəstəkar mahnılarından ibarət bu kitab Azərbaycan və ingilis dillərində tərtib edilib. 50 xalq və 32 bəstəkar mahnısının sözləri və notlarının qeyd olunduğu bu kitab xaricdə yaşayan, orada doğulub boya-başa çatmış soydaşlarımızın milli vətənpərvərlik ruhunda yetişməsinə, mədəniyyətimizin təbliğinə, soydaşlarımızın professional səviyyədə musiqi biliklərinin artmasına töhfə verəcək.

Kitabda həmçinin Azərbaycanın görkəmli bəstəkarları və müxtəlif xalq mahnıları haqqında ətraflı məlumat öz əksini tapıb.

Kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin ön sözü ilə nəşr olunub.

“Azərbaycan musiqisinin inciləri” kitabı xaricdə yaşayan soydaşlarımız, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları və Azərbaycan evləri ilə yanaşı, həmin ölkələrdə musiqi təhsili verən ali təhsil ocaqlarının kitabxanaları üçün də qiymətli vəsait olacaq.