Tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı Bettani Hyuzun (Bettany Hughes) Azərbaycanın tarixi və mədəni xəzinələri barədə filmi “BBC World News” telekanalında nümayiş olunur.

Heydər Əliyev Fondu və “BP Azərbaycan” şirkətinin tərəfdaşlığı ilə hazırlanan film Böyük Britaniyanın “SandStone Global” prodakşn şirkəti tərəfindən Bakı Media Mərkəzinin dəstəyi çərçivəsində ərsəyə gəlib.

Müəllif “Azərbaycan möcüzələri” ekran əsərinin araşdırmaları və çəkilişləri üçün iyun ayında ölkəmizə səfər etmişdi.

İki hissədən ibarət filmdə Bakı, Şuşa, Qobustan və Şəkinin əfsanəvi və heyranedici tarixi və mədəni irs xəzinələri araşdırılıb və təqdim olunub. “İpək Yolu” filmi Qobustan və Şəki, “Odlar Yurdu” adlı film isə Bakı və Şuşaya həsr olunub. İkinci bölüm avqustun 27-28-də “BBC World News” kanalında yayımlanıb.

Filmin Azərbaycan dilində versiyası hazırlanaraq təqdim ediləcək.