Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun sözlərinə görə, bölgədə arxeoloji, ekoloji və ekstremal turizmin inkişafı üçün potensial imkanlar var
   
   Xəbər verdiyimiz kimi, dekabrın 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şabran rayonuna infotur keçirildi. İnfotur zamanı rayonun İcra Hakimiyyətinin başçısı Novruz Novruzovdan bölgənin turizm potensialı, bu sahədə nəzərdə tutulan layihələrə dair fikirlərini öyrəndik.
   
   İcra başçısının sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində Şabranın 2011-ci il üçün “Azərbaycanın Əfsanələr Paytaxtı» elan edilməsi rayonun mədəni irs və turizm potensialının təbliğinə yeni imkanlar açır. Bölgədə arxeoloji turizm üçün xüsusilə geniş imkanlar var.
   - Qədim Şabranın yaşayış məskəni kimi 2300 illik tarixi var. Burada ilk arxeoloji qazıntılar ötən əsrin əvvəllərində aparılsa da, bu istiqamətdə əsas iş 1979-1983-cü illərdə görülüb. Elmlər Akademiyasının Arxeologiya İnstitutunun apardığı qazıntılar nəticəsində qədim Şabran şəhərinin bir hissəsi üzə çıxarılıb. Şabranın tarixi irsinin öyrənilməsində yeni mərhələ 2003-cü ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə qədim Şabranın tarixi qoruq elan edilməsindən sonra başlanıb. Şabran canlı tarixdir. Vaxtilə bu yer Avropa ilə Asiyanın arasında ən böyük istehsal müəssisələrinin yerləşdiyi məkan kimi tanınıb. Böyük İpək Yolunun üzərində yerləşən bu şəhərdə 40 məhəllə olub. Rayonun tarixi haqqında bir çox kitablar nəşr edilib. Bölgədə həm arxeoloji, həm də ekoloji turizmin inkişafı üçün işlərin görülməsi nəzərdə tutulur.
   Hazırda 2500 hektar ərazi turizmə uyğunluğuna görə seçilib. Xəritələr hazırlanıb, topoqrafik məlumatlar Mədəniyyət və Turizm Nazirliyinə və Nazirlər Kabinetinə təqdim olunub. Həm tarixi, həm də ekoloji turizmin inkişafı ilə bağlı proqramlar hazırlanıb. Bunların bir qismi artıq reallaşıb. Tərtib olunmuş marşrutlar üzrə kiçik istirahət düşərgələri yaradılıb. Şabrandan Gilgilçay səddi boyu Çıraqqalaya marşrut müəyyənləşib.
   Rayonda arxeoloji turizm üçün ən yaxşı yer qədim Şabran şəhərinin yerində aparılan qazıntılar zonası və Gilgilçay səddidir. Dünyada Çin səddindən sonra ən böyük istehkam Gilgilçay istehkamıdır. Onun bir hissəsi də bizim rayonun ərazisindən keçir. Gilgilçay səddi Xəzər dənizindən başlayaraq Çıraqqalaya qədər 34 km, Şahdağa qədər isə 102 km-dir. Elə bu marşrutun özü turizm üçün əlverişli bir materialdır. Son 3-4 il ərzində Şabran Rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Gilgilçay səddinin dəqiqləşdirilməsi və səddin üzərində mövcud olan tikililərin yığışdırılması, xəritələşdirilməsi məqsədilə bir sıra tədbirlər görülüb. Səddən 200 m sağa və 200 m sola mühafizə zolağıdır. Bu ərazilərdə hər hansı tikinti aparıla bilməz. Bu günlərdə Gilgilçay səddi boyunca müəyyənləşdirilən marşrutun xəritəsi hazırlanıb.
   Şabranda ekstremal turizmin inkişafı üçün də yaxşı imkanlar var. Keçilməz dağlıq ərazilərdə, o cümlədən Taxtakörpüdən başlayaraq, Nohurlar kəndi ərazisindən keçməklə, Çinarlara qədər bu turizm növü ilə maraqlananlar üçün marşrut müəyyənləşdirilib. Bunun üçün torpaq sahəsi ayrılıb, həmin yerlərdə düşərgələrin salınması nəzərdə tutulur.
   Bundan əlavə, Çıraqqalanın bərpa olunması ilə bağlı hökumətə müraciət hazırlayıb təqdim etmişik. Həmçinin keçmiş Qalaaltı sanatoriyasının ərazisində 7 hektar yarımlıq sahədə istirahət mərkəzi tikiləcək. Mərkəz bir gündə 2 min nəfər insanı qəbul etməyə hesablanıb. Burada iki hotel binası inşa ediləcək. Sanatoriyanın həyətindən Çıraqqalanın ayağına qədər uzanan iki kanat yolundan istifadə edən turistlər səmadan həm tarixi abidələri, həm də təbiətin gözəlliklərini seyr edə biləcəklər. Artıq layihə hazırdır.
   - «Turizm ili»ndə «Əfsanələr paytaxtı»na gələn turistlərin sayı ilə bağlı dəqiq rəqəm varmı?
   - Hələlik bu rəqəm çox böyük deyil. Sırf turist kimi gələnlərin sayı təxminən 2 min nəfərə yaxındır. İl ərzində 4 dəfə ekstremal turizm həvəskarları rayonumuzdan keçiblər. Amma turistlərin gəlişi hələ kütləvi xarakter almayıb. Nəzərdə tutduğumuz layihələr reallaşdırıldıqdan sonra turistlərin sayı da artacaq. Bu layihələr turizmin inkişafına təkan verəcək. Gələcəkdə Şabran Azərbaycanın ən böyük turizm mərkəzlərindən birinə çevriləcək.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar