Müəmmalar haləsinə bürünən Ağ Aşıq ömrü

 

Ağız ədəbiyyatımızın ünlü sənətkarlarından biri də yaddaşlarda Ağ Aşıq kimi qalan  Aşıq Allahverdi olub. Haqqında mənbələrdə səhih məlumat çox az olsa da, ancaq onun  XVIII əsrin ikinci yarısında, təxminən 1775-ci ildə dünyaya göz açdığı bildirilir. 

XVIII-XIX əsr Göyçə aşıq mühitinin yetirməsi olan Ağ Aşığın həyatı və yaradıcılığı müəmmalar haləsinə bürünüb.

Araşdırmalarda qeyd edilir ki, Allahverdinin anadangəlmə saçı, qaşı və kirpiyi ağ olub. Həyata baxışı və yaradıcılığı da müasirlərindən fərqlənib. Başqa bir araşdırmada isə deyilir ki, Ağ Aşığın babası Şeyx Osman sufi-dərviş təkkəsinin mürşidi olub. Müridləri ilə quzeydən – Qazax-Şəmşəddil, yaxud da həmin bölgəyə aid Qaraqoyunludan Şərur bölgəsinə gəliblər. Araz qırağındakı Kosacan kəndində məskunlaşıblar. Şeyx Osman və onun oğlu Qara Osmanoğlu musiqiyə, aşıq sənətinə çox bağlı olublar. Aşıqlıq etməsələr də, gözəl saz çalıb-oxuyublar.

Ağ Aşıq Cənubi Azərbaycandan, Araz çayına yaxın bir kənddən Telli Cəfərin qızı Süsənbər xanımla ailə qurur. Onun eşqinə “Süsənbəri” adlı bir şeir də yazır. El şənliklərində, toy-düyündə bu şeiri aşıq havası üstündə oxuyur. Aşığın bu nikahdan İsmayıl və Məhərrəm adlı oğulları olub.

Aşıq Allahverdi 20-25 yaşında ikən ailəyə bədbəxtlik üz verir. Atası qəflətən vəfat edir. Bu itkidən sarsılan Allahverdi bir müddət özünə gələ bilmir. Xeyli vaxt elin toy-düyünündə iştirak etmir. Demək olar ki, ürəkdən sevdiyi, qəlbən bağlandığı eli-obadan ayrı düşür. Bir tərəfdən də ailənin ağır güzəranı onu üzür. Çox çətinliklə özünü ələ alan aşıq Kosacandan köçür və Göyçə mahalında məskun olur. İlk günlərdən el şənliklərində yaxından iştirak edir. Təzə yurdda hörmət və ehtiramla qarşılanır. Günü-güzəranı yaxşılaşır. Allahın verdiyinə şükür edir və deyir:

Qəm çəkmə, ey könül, fani dünyada,
Qılınc çəksən dərdə, aha yaxşıdı.
İbadət et, leyli-nahar sal yada,
Şükür etsən, bir Allaha yaxşıdı...

Ağ Aşıq, elini etdilər talan,
Namərdlər mərd olub, mərdlərsə yalan.
Atalar ölərkən yurdunda qalan
Qeyrətli övladı daha yaxşıdı.

Xalq arasında Ağ Aşıq haqda bir neçə rəvayət formalaşıb. Günümüzə gəlib çatan həmin rəvayətlərin birində deyilir ki, Ağ Aşıq butalı, yəni, haqq aşığı idi. Onun ifası və oxumasından sağalmaz xəstələr şəfa tapardı. Aşığın bu möcüzəsi-təbibliyi Göyçə hüdudlarını aşaraq Şərqi Anadolu ellərinə qədər yayılır. Həmin vaxtlar Sərdar Hüseyn paşa bərk xəstələnir. Yuxusuzluqdan əziyyət çəkir. Onu sağaltmaq üçün həkim soraqlayırlar. Ağ Aşıqla görüşüb xəstənin yanına aparırlar. O, hər gün 3-4 saat könülaçan ifaları ilə xəstənin ruhunu oxşayır. Bir gün “Ruhani” havası ilə xəstəyə yaxınlaşır. İllərcə gözünə yuxu gəlməyən Sərdar Hüseyn paşa musiqinin təsiri altında qəflətən yuxuya dalır. Hətta elə hesab edirlər ki, o, öldü. Ancaq hər şey çox yaxşı qurtarır. Sərdar Hüseyn paşa çox keçmir yuxudan ayılır. Bir müddət sonra onun ruhi pozğunluğu bərpa olur. Ağ Aşıq beş il Anadoluda qalır və paşanı musiqi ilə müalicə edir.

Sərdar Hüseyn paşa tam sağalandan sonra Ağ Aşıq rüsxət istəyir. Eldən-obadan çoxdan ayrıldığını xatırladır. Paşa aşığa yəhər-yüyənli bir at, müxtəlif hədiyyələr, pul verib yola salır. Ağ Aşıq Göyçə ellərinə yaxınlaşdıqca könlü qubar edir və deyir:

Durnam, gedər olsan bizim ellərə,
Qatıq söylə, qaymaq söylə, yağ söylə.
Əgər soruşsalar Ağ Aşığın halın,
Boynu armud saplağı, canı sağ söylə,

Ağ Aşıq ustad sənətkar kimi bir çox el-obada ağır məclislər yola verib. Qaynaqlarda hətta onun Misir və Şərqi Türküstanda da olduğu bildirilir.

Ağ Aşığın yaradıcılığı dövrün feodal ara müharibələri vaxtı əldən-ələ keçərək itib-batıb. Günümüzə isə çox az bir qismi gəlib çatıb. Aşıq-şairin “Kəklik” adlı bir qoşmasında deyilir:

Baharın gülşən çağında,
Uçar daşdan-daşa kəklik.
Ovçu görsə səkər asta,
Sinər daşdan-daşa kəklik.

Məskən salar qayalarda,
Özü göyçək boyalarda.
Gözdən uzaq sayalarda
Çökər daşdan-daşa kəklik.

Süsənbərim göylər mahı,
Ağ Aşığın qibləgahı.
Əyir belim yarın ahı
Bükər başdan-başa kəklik.

Ağ Aşıq qoşma, gəraylı, təcnislərlə yanaşı, könül rübabının səsinə səs verib, təsirli bayatılar qoşaraq keşməkeşli həyatını həzin, kövrək duyğularla ifadə edib:

Mən aşıq, gəldi keçdi,
Günlərim gəldi keçdi.
Yarın odlu baxışı
Sinəmi dəldi keçdi.

Ağ Aşıq ustad sənətkar olmaqla bərabər, həm də öz yetirmələri ilə də ad-san qazanıb. Görkəmli saz-söz ariflərimizdən Aşıq Alı onu öz ustadı hesab edib. Ağ Aşıq təxminən 1880-ci ildə vəfat edib.

Savalan Fərəcov