Azərbaycanda turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm işləri üzrə fəaliyyətlə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin, lisenziyaların verilməsi elektronlaşdırılacaq. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən xəbərə görə, hazırda bu istiqamətdə işlər aparılır. Turizm, mehmanxana fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün lisenziyaların verilməsinin elektronlaşdırılması ölkədə elektron hökumətin qurulması istiqamətində görülən tədbirlərdən biridir.
Turizm, mehmanxana fəaliyyəti ilə məşğul olmaq istəyənlər hazırda yazılı şəkildə Mədəniyyət və Turizm Nazirliyinə müraciət edirlər. Bundan sonra isə nazirlik bu müraciəti araşdırır və daha sonra lisenziya ilə bağlı müvafiq qərar qəbul edir.
Lisenziyaların verilməsi elektronlaşdırıldıqdan sonra isə müraciət elektron formada qəbul ediləcək. Müraciətlərə qanunvericilikdə müəyyən edilmiş vaxt ərzində cavab veriləcək.
Hazırda Azərbaycanda 504 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bunlardan 315-nin lisenziyası var. Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə ölkədə 200-ə yaxın turizm şirkəti fəaliyyət göstərir.
Fəxriyyə