Bakıda dünya markalı “Jumeirah Bilgah Beach Hotel” kompleksi açılıb
   
   Dekabrın 28-də Bakının Bilgəh qəsəbəsində beşulduzlu “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etmişlər.
   
   Prezidentə məlumat verildi ki, “Jumeirah Bilgah Beach Hotel” kompleksi dünyanın 12 ölkəsində beşulduzlu hotellərin sahibi olan “Jumeirah Group”un MDB məkanında ilk hotelidir. Beynəlxalq səviyyəli nadir memarlıq incilərindən olan bu hotelin Bakıda tikilməsi ölkəmizdə turizmin inkişafının, əlverişli investisiya mühitinin bariz göstəricidir. Müasir dizaynı ilə seçilən kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. Dörd ilə tikilən hotelin inşasında 5 min nəfərədək işçi çalışmışdır.
   20 mərtəbədən ibarət hoteldə ən müasir texnologiya quraşdırılmışdır. Birinci mərtəbənin dizaynı özəlliyi ilə seçilir. Divarlarda 14 min metal şardan istifadə edilməklə yaradılan dekorativ kompozisiya buraya xüsusi yaraşıq verir. Burada hündürlüyü 58 metr olan çılçıraq quraşdırılmışdır. Kompleksin zəngin kitabxanasında Fransadan gətirilmiş qiymətli kitablar toplanmışdır. Burada həmçinin müxtəlif tədbirlərin keçirilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 450 nəfərlik konfrans zalı, habelə dənizin cazibədar mənzərəsi görünən və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 400 nəfərlik zal var.
   Məlumat verildi ki, kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılmışdır. Qonaqların istirahəti üçün hər cür şəraitin olduğu bütün nömrələrdən Xəzər dənizinin füsunkar panoramını seyr etmək mümkündür. Yüksək səviyyəli qonaqlar üçün ümumi sahəsi 175 kvadratmetr olan nömrə, 125 kvadratmetrlik “Ambassador suit” var.
   Hotelin restoranlarında qonaqlara yerli və xarici mətbəxlərin ləziz yeməkləri təqdim olunacaq. Ümumilikdə hoteldə 9 restoran, bar və gecə klubu var. Talas SPA və ümumi sahəsi 2600 kvadratmetr olan Fitnes-Mərkəz müasirliyi ilə diqqəti çəkir. Fitnes-Mərkəzdəki qapalı üzgüçülük hovuzunun uzunluğu 20, eni 10 metrdir.
   İlin isti aylarında dəniz sahilində açıq havada eyni vaxtda 600 nəfərin istirahəti üçün lazımi şərait yaradılmışdır. Kompleksdə ümumi ərazisi 5150 kvadratmetr olan Aqua-Park da var. Kompleksin ərazisində mətbəxi, zalı, 3 yataq otağı və eyvanı olan ikimərtəbəli 14 kottec tikilmişdir.
   Hotel kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü. Dövlət başçısı Bakıda belə yüksək səviyyəli hotelin fəaliyyətə başlamasının əlamətdar hadisə kimi qiymətləndirdi: “Burada hər bir gözəl hoteli fərqləndirən bütün əlamətlər cəmlənib. Nadir, gözəl, yaraşıqlı, çox böyük zövqlə yaradılmış bir hoteldir. Əlbəttə, hotelin üstünlüyü onun yerləşməsindən asılıdır. Dəniz kənarında, şəhərdən bir qədər aralı yerləşir, havası da çox təmizdir. Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportuna da çox yaxındır, cəmi 10-15 dəqiqə ərzində aeroporta çatmaq mümkündür. Bakıdan çəkilən gözəl yol da rahatlığı artırır. Bir ildən sonra buradan Sumqayıta qədər də yeni yol açılacaqdır.
   “Jumeirah” hotellər şəbəkəsi dünya şöhrətli şəbəkədir. Ümid edirəm ki, bu, “Jumeirah”ın ən gözəl hotellərindən biri olacaqdır. Azərbaycanda təkcə bu il üçüncü beşulduzlu hotel açılıb. Bir qədər əvvəl “Kempinski”, ondan sonra “Hilton” istifadəyə verilib, indi də “Jumeirah” hoteli açılır. Bu, onu göstərir ki, investorlarda Azərbaycanın gələcəyinə, turizm potensialına çox böyük ümidlər, inam var. Biz ötən 15 il ərzində ölkəmizə 100 milyard dollardan artıq investisiya cəlb edə bilmişik. Təkcə keçən il 16 milyard, bu il isə - hələ ki, hesablamalar gedir - ondan da artıq vəsait qoyulub. Bu vəsaitin bir hissəsi turizm infrastrukturunun yaradılmasına yönəldilir.
   Gələn il təkcə Bakıda yenə də beşulduzlu üç hotel fəaliyyətə başlayacaq - “Marriott”, “Four seasons” və “Bermond” hotelləri. Beləliklə, iki il ərzində Bakıda, təkcə bir şəhərdə, beşulduzlu, dünya şöhrətli 6 hotel istifadəyə verilir. Nəinki bu bölgədə, postsovet məkanında və geniş mənada qitədə nadir bir hadisədir ki, iki il ərzində bir şəhərdə dünyanın ən məşhur 6 brendi öz hotellərini müştərilərin üzünə açır. Bu, ölkəmizin ümumi inkişafını göstərir. Bu, onu göstərir ki, yerli və xarici şirkətlər Azərbaycana vəsait qoymaq üçün öz imkanlarını gücləndirirlər.
   Azərbaycan yaşamaq, istirahət etmək üçün çox gözəl yerdir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yeni infrastruktur layihələri icra edilir. İçərişəhərdə təmir-bərpa işləri böyük zövqlə aparılır. Bizim gözəl bulvarımız yenidən qurulubdur. Bir neçə aydan sonra yeni bulvarın açılışını qeyd edəcəyik. Yeni bulvar Bayraq Meydanına qədər uzanacaq. İndiki bulvarımızın 4 kilometrinə əlavə ən azı 8 kilometr dənizkənarı gəzinti zolağı əlavə edilməlidir.
   Biz Bakını gözəlləşdiririk, qoruyuruq, sevirik. Belə gözəl hotellərin Bakıda yaradılması şəxsən məni çox sevindirir. Təkcə Bakıda deyil, digər bölgələrdə də hazırda beşulduzlu bir neçə hotel tikilməkdədir. Biri Qubada, üçü isə yeni yaradılan “Şahdağ” qış-yay turizm kompleksi zonasında. Bu hotellərin istifadəyə verilməsi Azərbaycanın turizm potensialını daha da gücləndirəcəkdir.
   Bu il Azərbaycanda “Turizm ili” elan edilibdir. Mən çox şadam ki, “Turizm ili”ndə dünya hotel şəbəkələri Azərbaycanda gözəl hotellər açırlar, gözəl memarlıq abidələri yaradırlar. Bakının bütün sakinlərini, Bakıya gələn qonaqları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm.
   
   * * *
   “Jumeirah Group”un icraçı sədri Cerald Loules prezidentə təşəkkür edərək MDB məkanında birinci hotelin məhz Azərbaycanda açılmasından məmnunluğunu bildirdi: ““Jumeirah” gənc şirkətdir, 14 il əvvəl fəaliyyətə başlayıb. Mehmanxana şəbəkəmizi artırırıq. Çox böyük fərəh hissi ilə qeyd edirəm ki, Bakıda da bizim belə gözəl bir hotelimiz var. Bu il “Turizm ili”dir. Turizm sənayesi Azərbaycanda da intibah dövrünü yaşayır. Azərbaycan hökuməti turizm infrastrukturunu davamlı şəkildə inkişaf etdirməkdədir. Şadıq ki, biz də bu sahədəki inkişafın bir hissəsinə çevrilirik. İstəyirik ki, bundan sonra turizm sahəsi daha da inkişaf etsin”.
   Sonda xatirə şəkli çəkdirildi.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar