Beynəlxalq səyahətçilərin daha bir qrupu işğaldan azad edilmiş torpaqlarda

 

Sentyabrın 8-də dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Heyətin rəhbəri dünyanın ən böyük 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veleydir.

Beynəlxalq səyahətçilər ilk olaraq Şuşa şəhərinə gəliblər. Onlar şəhərin tarixi məkanları, görməli-gəzməli yerləri ilə tanış olublar.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi siması, tarix və mədəniyyət abidələri də bərpa olunur.

Şuşa şəhər mərkəzi meydanına gələn qonaqlara Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal zamanı güllələnmiş heykəlləri barədə məlumat verilib. Səyyahlar sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları ilə tanış olublar.

Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə də qonaqlara məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Xarici səyahətçilər Cıdır düzündə olub, buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər. Qonaqlar daha sonra Ağdama yola düşüblər.

***

Ötən il Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə üç dəfə səfər etmişəm. Hər gəlişimdə burada inkişaf və yeniliklərin şahidi oluram.

Bu sözləri jurnalistlərə açıqlamasında səyyahlar heyətinin rəhbəri – ABŞ-ın “Most Travelled People” klubunun təsisçisi Charles Veley deyib.

“Otuz ilə yaxın davam edən işğal zamanı bu ərazilər viran qalmışdı. İndi isə biz Azərbaycan xalqının bu yerlərdə yeni binalar tikməsinin, infrastruktur yaratmasının şahidiyik. Hər səfərimdə yeni tikinti görürəm. Budəfəki səfərimdə Şuşada hotelin inşasının tamamlandığını gördüm. Çox təqdirəlayiq haldır. Zəfər yolu ilə Şuşaya gəlirdik, indi isə başqa bir yol da inşa edilir. Tunellər, körpülər... Azərbaycanlıların azad olunmuş torpaqlarda gördüyü quruculuq işləri mükəmməldir”, – deyə o əlavə edib.

Azərbaycanda, ümumiyyətlə Şuşa şəhərində ilk dəfədir oluram. Şuşa şəhərinə gələrkən yolboyu gördüklərimiz – işğaldan azad olunmuş ərazilərdə aparılan sürətli bərpa-quruculuq işləri bizi heyran etdi.

Bu sözləri beynəlxalq səyahətçilər qrupuna daxil olan avstraliyalı Coko Tandicono deyib.

O, işğaldan azad edilmiş ərazilərdə törədilmiş kütləvi dağıntıların şahidi olduğunu deyib: “Şuşa qalası bərpa olunur, ümumiyyətlə, Azərbaycan hökuməti tərəfindən aparılan sürətli bərpa işləri nəticəsində şəhər öz simasını yavaş-yavaş bərpa edir”, – deyə səyyah bildirib.

“Təəssüflər olsun ki, işğaldan azad olunmuş ərazilər kütləvi şəkildə minalanıb. Bu yerlərin minalardan təmizlənməsi üçün həmin ərazilərin dəqiq xəritəsi verilməlidir ki, minalardan təmizlənmə işi sürətlənsin və buraya gələn vətəndaşlar üçün də heç bir təhlükə olmasın” – bu isə finlandiyalı səyyah Karimat Divalterinin fikridir.

***

Qeyd edək ki, beynəlxalq səyahətçilər üç gün ərzində Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.

Ötən il dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil olunub. Bu səfərlərdə 25-ə yaxın ölkədən 100-dən çox beynəlxalq səyahətçi iştirak edib.