2011-ci il Azərbaycanın turizm təmsilçiləri üçün nə ilə yadda qaldı? Sektorun tanınmış nümayəndələri sualımızı faktlar və rəqəmlərlə cavablandırdılar.
Turizm təhsilində uğurlar
Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov:
- 2011-ci ilin «Turizm ili» elan edilməsi Azərbaycanda bu sahənin inkişafına təkan verdi. Hazırda Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub. Bu sənayeni kadrlarla təmin etmək məsuliyyəti isə böyük ölçüdə Turizm İnstitutunun üzərinə düşür. İl bizim üçün yeniliklərlə yadda qaldı. Prezident İlham Əliyevin də iştirak etdiyi mərasimdə ATİ ilə Avstriyanın Krems Universiteti arasında magistratura üzrə ikili diplom müqaviləsi imzalandı. İnstitutumuz turizm sahəsində təhsil, treninq və tədqiqat mərkəzi kimi beynəlxalq müstəvidə qəbul edilməyə başladı. Məzunlarımız ölkəmizdə yeni açılan beşulduzlu hotellərdə çalışır. Bu il həmçinin ATİ-nin nəzdində Bakı Turizm Peşə Məktəbi yaradıldı. Hazırda 5 rayonda regional məktəblərin yaradılmasına başlanılıb. İlin ən yadda qalan hadisələrindən biri də Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin ATİ-nin fəxri doktoru olmasıdır. Digər tərəfdən isə institutumuz DTT-nin assosiativ üzvlüyünə qəbul edildi. ATİ-nin nəzdində yaradılmış bələdçi kursunun dinləyicilərinə sertifikatlar təqdim edildi.
Hesab edirəm ki, il ərzində görülən tədbirlər nəticəsində ölkə turizminin davamlı inkişafı üçün təməl qoyuldu.
Beynəlxalq əlaqələrimiz genişlənir
Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncov:
- Bu il Bakı Turizm İnformasiya Mərkəzi üçün bir çox yeniliklərlə yadda qaldı. BTİM il ərzində bir çox beynəlxalq qurumlara üzv oldu. Bunlardan ən yaddaqalanı Dünya Turizm Təşkilatına assosiasiv üzv qəbul edilməyimizdir. Bundan əlavə, mərkəzimiz Rusiya Turizm Sənayesi İttifaqının xarici üzvlər sırasına daxil oldu. BTİM-in Rusiya Turizm Sənayesi İttifaqına üzv olması Azərbaycanın turizm potensialının daha geniş təbliğinə imkan yaradır. Bakı Turizm İnformasiya Mərkəzi MDB və yaxın xarici ölkələrdə fəaliyyət göstərən turizm informasiya mərkəzləri ilə beynəlxalq əlaqələrin qurulmasına dair 10 müqavilə imzalayıb. Bu turizm informasiya mərkəzlərinə mütəmadi olaraq Azərbaycanın turizm potensialını əks etdirən reklam çap materialları göndəririk.
2010-cu ildə «Millennium» turizm şirkəti ilə birlikdə start verdiyimiz «Gündəlik şəhər turları» layihəsi bu il də davam etdirilib. Layihə çərçivəsində 2 mindən çox insana xidmət göstərilib. BTİM-in yeni layihələrindən biri olan «Bakı şəhərinin qonaq kartı»nın tətbiq edilməsi ilə bağlı bir çox mehmanxana və restoranlarla müqavilələr imzaladıq.
Hər il olduğu kimi, bu il də əcnəbi turistlərə göstərilmiş xidmətlərin statistikası və təhlili ilə bağlı araşdırmalar aparmışıq. Mərkəz Azərbaycan turizminin təbliği istiqamətində bundan sonra da yeni layihələr reallaşdıracaq.
AZTA-nın sıraları genişlənir
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov:
- «Turizm ili»ndə həyata keçirilən çoxsaylı tədbirlərin reallaşmasında Azərbaycan Turizm Assosiasiyasının da rolu böyük olub. İl ərzində Mədəniyyət və Turizm Nazirliyi ilə Turizm İnstitutu ilə birlikdə Bakı şəhərində, eləcə də ölkənin müxtəlif regionlarında rəngarəng tədbirlər həyata keçirmişik. ATİ ilə birgə əməkdaşlıq çərçivəsində peşə ixtisasları üzrə müxtəlif sahələri əhatə edən kadrların hazırlanmasında xeyli işlər görülüb. Təşkil edilən kurslarda ekskursiya bələdçiləri, turoperatorlar, turagentlər, mehmanxana inzibatçıları, restoran mütəxəssisləri hazırlanıb. AZTA Amerikanın hotel biznesi ilə məşğul olan institutu ilə əməkdaşlıq sənədi imzalayıb. Dünya Turizm Təşkilatına assosiativ üzvlüyə qəbul edilib. Bundan əlavə, assosiasiyamıza yeni üzvlər qəbul edilib. Hazırda 80-ə yaxın turizm şirkəti və 40-dan çox hotel AZTA-nın üzvüdür. Beynəlxalq sərgilərdə, Ukraynaya, Özbəkistana və başqa ölkələrə infoturların təşkilində yaxından iştirak etmişik. Bundan əlavə, Qazaxıstan, Türkiyə, Gürcüstanın turizm assosiasiyaları ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu ilin ən əlamətdar hadisələrindən biri də AZTA-nın nəzdində Ekskursiya Bələdçilərinin Mərkəzi Koordinasiya Şurasının təsis olunmasıdır. Bu eyni zamanda 2012-ci ildə Bakıda keçiriləcək «Eurovision» mahnı yarışmasına hazırlıq məqsədi daşıyır. Yeri gəlmişkən, qeyd edim ki, bu yarışmada turizm şirkətləri və hotellərlə birlikdə turpaketlərin hazırlanması işi AZTA-ya həvalə olunub.
2011-ci il tarixi ildir
«Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyev:
- Ölkə başçısı tərəfindən 2011-ci ilin «Turizm ili» elan olunması bu sahədə aparılan uğurlu siyasətin məntiqi davamı oldu. Əslində 2010-cu ildən turizm ilinə start verilmişdi. Bu il çeşidli turizm tədbirlərində, o cümlədən konfranslarda, sərgilərdə iştirak sayına görə rekord bir fərq müşahidə olunub. Bu da təbii ki, Azərbaycanın turizm məkanı kimi dünyaya açılması üçün bir vasitədir. 2011-ci ili tarixi il adlandırmaq olar. Çünki bu ildə həyata keçirilməsinə başlanılan bütün layihələr bəlkə də yaxın 3-4 il ərzində Azərbaycanda turizmin inkişafını təmin edəcək. İl ərzində ölkəmizə gələn turistlərin coğrafiyası da genişlənib. Bizim şirkətin xətti ilə Almaniyadan, Hollandiyadan, Böyük Britaniyadan, MDB ölkələrindən, İsraildən, Türkiyədən, İrandan gələn turistlərin sayı artıb. Ötən illə müqayisədə turist sayında 5 faiz artım olub. «Millennium» şirkəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən bütün sərgi və konfranslarda yaxından iştirak edib. Bu da bizim yeni müştəri bazamızın daha da genişləndirilməsinə səbəb olub.
Bölgələrdə turizmin inkişafı
Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev:
- Bu il Xaçmaz rayonuna gələn turistlərin sayı ötən illərdən fərqli olaraq xeyli artıb. 55 mindən artıq insan turist kimi rayonumuzu ziyarət edib. Bunun 10 min nəfərə yaxını xarici ölkələrdən gələn qonaqlarımızdır. Statistika göstərir ki, Xaçmaza gələn xarici turistlərin də sayı ildən-ilə artır. Bunu «Turizm ili»nin nailiyyəti kimi qiymətləndirmək daha doğru olardı. Çünki, məhz ölkə rəhbərliyinin qayğı və diqqətinin nəticəsidir ki, ümumən ölkəmizə gələn turistlərin sayı artır.
Fəxriyyə Abdullayeva