Özbəkistanın paytaxtı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) özbək jurnalistlərə TÜRKSOY-un media mükafatları təqdim edilib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra AMM-in təqdimatı əsasında TÜRKSOY təşkilatı Azərbaycan həqiqətlərinin yayılmasına verdikləri dəstəyə görə Özbəkistanın bir qrup jurnalistini xüsusi mükafata layiq görüb.

Tədbirdə TÜRKSOY, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Özbəkistan Jurnalistlər İttifaqının rəhbərliyi iştirak edib.

Əvvəlcə tədbir iştirakçılar AMM-in qarşısında ulu öndər Heydər Əliyevin abidəsinin və şəhidlər memorial lövhəsinin önünə gül-çiçəklər qoyublar.

Tədbiri giriş sözü ilə açan AMM-in direktoru Samir Abbasov TÜRKSOY haqqında məlumat verərək, türk ölkələrinin mədəniyyət səylərini birləşdirən bu qurum çərçivəsində geniş əməkdaşlıq platformasının yaradıldığını, beynəlxalq təşkilatlar ətrafında səmərəli fəaliyyət göstərildiyini qeyd edib. O, Özbəkistandakı Heydər Əliyev adına AMM-in də TÜRKSOY-la əməkdaşlıq etdiyini, Molla Pənah Vaqif, Bəxtiyar Vahabzadə kimi şairlərimizin şeirlərinin kitab halında TÜRKSOY layihəsi çərçivəsində çapına dəstək verdiklərini deyib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarımızı azad etdiyini deyən diplomat ötən dövr ərzində, habelə Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərini Özbəkistana və dünyaya çatdıran media mənsublarına təşəkkürünü bildirib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri Erkin Nuriddinov, Özbəkistan Jurnalistlər İttifaqının sədri Olimcon Usarov, Özbəkistandakı “Turan” Elmlər Akademiyasının prezidenti Xaydarbek Bababekov Özbəkistanla Azərbaycan, ümumiyyətlə, Türk dünyası ölkələri arasında bütün sahələrdə, o cümlədən elm, mədəniyyət, mətbuat sahəsində əlaqələrin inkişaf etdiyini qeyd edərək, türk dövlətlərinin həmrəyliyinin vacibliyini vurğulayıblar.

TÜRKSOY-un Baş katibi Sultan Raev çıxışında qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, 2021-ci ildə TÜRKSOY-un media mükafatının Azərbaycan torpaqlarının azadlığı uğrunda 44 günlük Vətən müharibəsi zamanı yaşanan hadisələri və Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıran mətbuat işçilərinə verilməsi qərara alınıb.

Baş katib deyib ki, 2021-ci il sentyabrın 10-da Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Bakıda keçirilən mərasimdə TÜRKSOY-un mükafatı media mənsublarının bir qisminə təqdim olunub.

Sonra Sultan Raev və Samir Abbasov Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində fərqlənən özbək jurnalistlərə TÜRKSOY-un media mükafatlarını təqdim ediblər.

Tarixçi alim, publisist Şuxrat Salamov, jurnalistlər İxtiyor Abdurahmanov, Serdar Keskin, Şokir Dolimov, Muslimjon Mirzajanov, Nazim Buronov və Şərafəddin Tuleqanov təltif olunublar.

Qeyd edək ki, 2021-ci ildə Bakıda keçirilən tədbirdə özbək jurnalistlər Qamaraddin Şeyxov və Abduvali Saybnazarova TÜRKSOY-un mükafatları təqdim olunmuşdu.

Daha sonra tədbirdə TÜRKSOY-un fəaliyyəti haqqında videofilm nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin Əməkdar artist Kövkəb Əliyeva adına rəqs ansamblının üzvləri, müğənnilər Rəna Əzizova, Timur Rəhmanov və başqaları çıxış ediblər.

TÜRKSOY-un Baş katibi Sultan Raev Heydər Əliyev adına AMM-in binası ilə tanış olub. Mərkəzin direktoru Samir Abbasovla ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.