TRT kanalı Azərbaycanın dünya şöhrətli dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı maestro Niyazinin (1912-1984) 110 illiyi ilə əlaqədar verilişlər silsiləsi hazırlayıb.

“TRT Radyo 1” kanalında Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlunun təqdimatında hazırlanan “Mədəniyyət pəncərəsi” proqramı bütövlükdə Niyazinin həyat və yaradıcılığına həsr olunub. Proqramda Niyazinin Türkiyədə tədqiqatçılarından olan gənc musiqişünas Ecem Tuğçe Akbulut maestronun türk simfonik musiqisinin inkişafında misilsiz xidmətlərindən danışıb, onun xüsusilə sovet dövründə Azərbaycanın Türkiyədə könüllü mədəniyyət elçisi kimi fəaliyyət göstərdiyini qeyd edib.

“TRT 2” kanalının “Həyat sənət” proqramında maestro Niyazi ilə əlaqədar xüsusi reportaj yayımlanıb. Kanalın redaktoru Gülbahar Kılınç tərəfindən hazırlanan reportajda görkəmli sənətkarın həyat və yaradıcılığından bəhs edilib, onun Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafında rolu qeyd olunub, sənət adamının səhnə və yaradıcılıq fəaliyyətini əks etdirən fotolar və videogörüntülər nümayiş etdirilib.

Niyazinin Mənzil-Muzeyindən videogörüntülərinin də yayımlandığı verilişdə son dövrlər sənətkarın Türkiyədə yaradıcılığına həsr olunmuş elmi konfransların keçirildiyi, Ecem Tuğçe Akbulutun müəllifi olduğu “Maestro Niyazi Tağızadə: Sovet dövründə Azərbaycan və Türkiyə münasibətlərində mədəniyyət elçisi” adlı monoqrafiyasının 2021-ci ildə Türkiyənin “Net Kitaplık” nəşriyyatında türk dilində nəşr olunduğu diqqətə çatdırılıb.