Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Açma-yumma” xalçasına həsr olunub.
“Açma-yumma” xalçaları Ağdam rayonunun Xıdırlı, Cəbrayıl rayonunun Papı və Sofulu kəndlərində, XVIII əsrdən bəri isə, həmçinin Şuşa şəhərində onun yaxınlığındakı Xəlfəli, Şırlan kəndlərində və Xocavənd rayonunda toxunulub.
Xalçanın ara sahəsini bir-birinin arxasınca ritmik düzülmüş rombşəkilli, dilikli göllər bəzəyir. Göllərin ətrafındakı açılıb-bağlanan diliklərin quruluşuna görə sənətkarlar bu xalçaları “Açma-yumma” adlandırırlar.