Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

201 il əvvəl...

15 sentyabr 1821-ci ildə Mərkəzi Amerika ölkələri Honduras və Nikaraqua İspaniya müstəmləkəçiliyinə qarşı müharibə gedişində müstəqilliyini elan edib. Hər iki ölkə XVI əsrdən İspaniyanın müstəmləkəsi idi, müstəqillik elanından bir müddət sonra isə faktiki ABŞ-ın nəzarətinə düşdü.

 

196 il əvvəl...

13 sentyabr 1826-cı ildə İkinci Rusiya-İran müharibəsinin (1826-1828) gedişinə əhəmiyyətli təsir edən Gəncə döyüşü olub. İran qoşunlarının ağır məğlubiyyətə uğraması müharibənin taleyini faktiki olaraq həll edib. Bundan əvvəl (3 sentyabr) şahzadə Abbas Mirzənin qoşunları Şəmkir döyüşündə ruslara məğlub olmuşdu. Bundan sonra Rusiya qoşunlarının Naxçıvan və İrəvan xanlıqları üzərinə hücumları başlandı.

 

181 il əvvəl...

15 sentyabr 1841-ci ildə Salvador İspaniya müstəmləkəçiliyindən qurtulub. Hazırda El-Salvador Respublikası adlanır.

 

174 il əvvəl...

15 sentyabr 1848-ci ildə Mərkəzi Amerikanın daha bir ölkəsi – Kosta-Rika İspaniyanın nəzarətindən çıxaraq müstəqilliyini bəyan edib.

 

104 il əvvəl...

15 sentyabr 1918-ci ildə Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) hərbi qüvvələrinin Qafqaz İslam Ordusu Bakını “Sentrokaspi diktaturası” və daşnak tör-töküntülərindən təmizləyib. 1918-ci ilin aprel-iyul aylarında Bakı Şaumyanın başçılıq etdiyi “Bakı Kommunası”nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulan eser-menşevik-daşnak (“Sentrokaspi”) hökumətinin nəzarətində idi. Qafqaz İslam Ordusu hissələrinin Bakıya hücumu öncəsi (14 sentyabr) ingilislər şəhəri tərk etmişdilər. Bakının azad olunması Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsi oldu. Milli hökumət Gəncədən Bakıya köçdü və Bakı Cümhuriyyətin paytaxtı elan edildi.

 

102 il əvvəl...

14 sentyabr 1920-ci ildə Cənubi Azərbaycan Milli Hökumətinin qurucusu Şeyx Məhəmməd Xiyabani Təbrizdə qətlə yetirilib. Xiyabaninin başçılığı ilə Təbriz üsyanı həmin ilin aprelində qələbə çalmış, iyunda Milli Hökumət qurulmuşdu. Sentyabrın 12-də irtica qüvvələrinin Təbrizə hücumu başlamışdı. Xiyabaninin qətli ilə Cənubi Azərbaycan türklərinin istiqlal mübarizəsinin daha bir səhifəsi sona çatdı.

 

62 il əvvəl...

14 sentyabr 1960-cı ildə Bağdadda keçirilən beynəlxalq konfransda Neft  İxracatçısı Ölkələrin Təşkilatı – OPEK yaradılıb. Hazırda İraq, İran, Venesuela, Qətər, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ümumilikdə 13 neft ölkəsinin daxil olduğu təşkilat dünyada neft istehsalının yarışına nəzarət edir. Mənzil-qərargahı Vyana (Avstriya) şəhərindədir.

 

43 il əvvəl...

14 sentyabr 1979-cu ildə Əfqanıstanda hakimiyyət çevrilişi baş verib. Əfqanıstan Demokratik Respublikası İnqilabi Şurasının sədri Nur Məhəmməd Təraki baş nazir Hafizulla Əminin qüvvələri tərəfindən öldürülüb. Hakimiyyət H.Əminin əlinə keçib. Lakin onun hakimiyyəti də uzun çəkmədi və həmin ilin dekabrında sovet müdaxiləsi zamanı H.Əmin qətlə yetirildi.

 

31 il əvvəl...

14 sentyabr 1991-ci ildə Bakıda Azərbaycan Kommunist Partiyasının (KP) fövqəladə 33-cü qurultayı keçirilib. Qurultay Azərbaycan KP-nin özünü buraxması haqqında qərar qəbul edib. Partiyanın əmlakı respublika və yerli hakimiyyət orqanlarına verilib. “Avqust qiyamı”nın (19-21 avqust – Moskvada “QKÇP” dövlət çevrilişi cəhdi) iflasından sonra Sovet İttifaqında kommunist hakimiyyətinə faktiki olaraq son qoyulmuşdu. Beləcə, 1920-ci ilin yanvarında qurulan və 71 il hakim qüvvə olan Azərbaycan KP də tarixin arxivinə verildi.

 

28 il əvvəl...

14 sentyabr 1994-cü ildə Azərbaycan Respublikası ilə Qətər dövləti arasında diplomatik münasibətlər qurulub.

 

18 il əvvəl...

15 sentyabr 2004-cü ildə Azərbaycanda dərs ili ilk dəfə yeni tarixdə başlayıb. Ondan öncə dərs ili 1 sentyabrda başlayırdı. Prezident İlham Əliyevin müvafiq fərmanı (21 avqust 2004-cü il) ilə 15 sentyabr – “Bilik Günü” elan edilib.

Hazırladı: V.Orxan