Xəbər verdiyimiz kimi, sentyabrın 2-dən 11-dək Rusiyanın Həştərxan şəhərində “Opera First – 2022” Beynəlxalq Xəzər Klassik İncəsənət Festivalı keçirilib. İkinci dəfə təşkil olunan festivalın konsert proqramlarında Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan teatrlarının solistləri iştirak ediblər.

Festival çərçivəsində Xəzəryanı ölkələrin günləri keçirilib. Sentyabrın 9-da “Azərbaycan günü” adlı konsert təşkil olunub.

Həştərxan Filarmoniyasının böyük zalında keçirilən konsertin proqramını Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə təqdim edib.

Proqramda Azərbaycan klassikləri Qara Qarayev və Fikrət Əmirovun, eləcə də ölkənin müasir bəstəkarlarının – Firəngiz Əlizadə, Azər Dadaşov, Cəlal Abbasov, Tural Məmmədlinin əsərləri yer alıb.

Əsərləri Ümid Abbasov (skripka), Nəzrin Aslanlı (skripka), Emin Hüseynov (skripka), Rəna Rəhimova (alt), Orxan Hüseynov (violonçel), Zakir Əsədov (fortepiano) ifa ediblər.

Konserti Həştərxanda keçirilən Xəzər mediaforumunda iştirak edən Azərbaycan nümayəndə heyəti, Milli Məclisin üzvləri də izləyiblər.

Rusiya Bəstəkarlar İttifaqı Həştərxan şöbəsinin sədri Konstantin Quzenko çıxışında “Azərbaycan günü” konsertinin gözləntiləri üstələdiyini vurğulayaraq deyib: “Biz Azərbaycanın peşəkar musiqi sahəsində böyük nailiyyətləri olduğunu həmişə bilirdik. Lakin bu gün dinlədiklərimiz qəlbimizin dərinliyinədək bizi riqqətə gətirdi. Təkcə musiqi yox, Firəngiz Əlizadənin gözəl çıxışı da bizi valeh etdi. O çıxışında dünya səviyyəsində uğur qazanmış Azərbaycan bəstəkarlıq məktəbinin şanlı tarixinə maraqlı ekskurs etdi...”.

Festivalın yekun qala-konsertində Azərbaycanın tanınmış vokalçısı, Əməkdar artist Azər Rzazadə də çıxış edib.