Yaranmış gərginliyin məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür

 

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib.

Müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirilib. Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir.

***

Prezident İlham Əliyev sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

Görüşdə sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədinin Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar müzakirə olunub.

Dövlətimizin başçısı Azərbaycanın Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

Qeyd edək ki, sentyabrın 13-də ABŞ dövlət katibi Antoni Blinken ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.