Türk Dövlətləri Təşkilatı (TDT) sentyabrın 13-də Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yayıb.

TDT-nin Baş katibi Bağdad Amreyevin imzası ilə yayımlanan bəyanatda deyilir:

TDT Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi təxribat törətməsindən ciddi narahatlığını ifadə edərək, bu vəziyyəti qınayır. Təşkilat beynəlxalq hüquq prinsipi və normalarına sadiqliyini bir daha bildirərək Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesinin vacibliyini xatırladır. TDT üzv dövləti olan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir. Ermənistanı iki qonşu ölkə arasında əldə edilmiş mövcud razılaşmalara əməl etməyə çağırır. Baş katiblik bu qarşıdurma nəticəsində şəhid olanların ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyir.

***

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədində törədilmiş genişmiqyaslı təxribatları qətiyyətlə pisləyir və Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın hərbi təxribatları nəticəsində həlak olan şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verir.

***

TÜRKPA da Azərbaycan və Ermənistan sərhədində son vəziyyətlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

Türk Dövlətləri Parlament Assambleyasının Katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində insan tələfatı və yaralanması ilə nəticələnən hərbi təxribatı ilə bağlı dərin narahatlığını bildirir və qətiyyətlə qınayır.

TÜRKPA beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini və qardaş Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin əhəmiyyətini vurğulayır.

Katiblik şəhidlərin ailələrinə, qardaş Azərbaycan xalqına başsağlığı verir, qazilərimizə və xəsarət alanlara Allahdan şəfa diləyir.