Sentyabrın 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan n Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar Prezident İlham Əliyevə, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib və ölkələrimizin həmrəy olduqlarını vurğulayıb.

Prezident İlham Əliyev, qardaş Türkiyənin hər zamankı kimi, Azərbaycanın yanında olduğunu, ölkəmizin də hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olduğunu qeyd edib.

Ermənistanın genişmiqyaslı hərbi təxribatının qarşısının Silahlı Qüvvələrimiz tərəfindən şücaətlə və yüksək peşəkarlıqla alındığını, şəhidlərimizin qanının yerdə qalmadığını, onların intiqamının alındığını deyən Prezident İlham Əliyev bu genişmiqyaslı hərbi təxribatların məsuliyyətinin bilavasitə Ermənistanın üzərinə düşdüyünü bildirib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha vurğulanıb.

Dövlət başçıları gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

***

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlarla əlaqədar tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycan-Ermənistan sərhədində təxribatlar nəticəsində Azərbaycan Ordusunun həlak olan qəhrəman şəhidlərinə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyir, qardaş Azərbaycan xalqına başsağlığı verirəm”.

Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin iki ölkənin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində 50 hərbiçimiz şəhid olub. Azərbaycan Ordusu tərəfindən dərhal cavab tədbirləri görülüb, düşmənin təxribatlarının qarşısı qətiyyətlə alınıb.