Sentyabrın 14-də Azərbaycanda Atatürk Mərkəzində tanınmış şair-publisist, AYB-nin üzvü Güləmail Muradın “Nuru Paşa dastanı” kitabının təqdimatı keçirilib.

Mərasimdə çıxış edən yazıçı-publisist, filologiya elmləri namizədi Məti Osmanoğlu kitab haqqında fikirlərini bölüşüb. Bildirib ki, yaradıcılığında daim vətənpərvərlik mövzusuna xüsusi yer ayıran istedadlı şairə Güləmail Murad “Nuru Paşa dastanı”nda da vətəndaşlıq mövqeyindən çıxış edərək yenə də qiymətli bədii əsər ərsəyə gətirib. Əsər boyu qəhrəmanına sevgi sərgiləyən müəllif obrazın təqdimatını bədii ustalıqla verir.

Filolog alimlər Valeh Nəsibli, Salidə Şərifova və başqaları kitabın məziyyətlərindən danışıblar. Diqqətə çatdırılıb ki, əsərdə Nuru Paşa obrazı türkçülüyün qoruyucusu kimi yadda qalır, xalqımızın ağır günündə Azərbaycanın müdafiəsi naminə vuruşur.

Güləmail Muradın yaradıcılığını neçə illərdi sevə- evə izlədiklərini vurğulayan çıxışçılar diqqətə çatdırıblar ki, yaradıcılığa lirik şeirlərlə başlayan şair son otuz ildə qələmini süngüyə çevirib, hərbi mövzuda iyirmiyə yaxın kitab nəşr etdirib. “Qarabağ harayı” yalnız onun yox , bütün Azərbaycan xalqının fəryadı idi. Onun sonrakı kitablarında da qəhrəmanlarımızın döyüş yolları, torpaq uğrunda canından keçən oğulların şücaəti bədii boyalarla, həzin misralarla qələmə alınıb.