Kamil Aydın: “Hazırda sarsılmaz Türkiyə-Azərbaycan qardaşlığının kökləri də bu şanlı tarixə bağlıdır...”

 

Sentyabrın 15-də Azərbaycanın Cümhuriyyət tarixinin və ümumilikdə dövlətçilik salnaməsinin şanlı səhifəsi – Bakının, yadelli işğalçılar və daşnak-bolşevik quldurlarından azad edilməsinin 104-cü ili tamam olur. Azərbaycan-Türkiyə qardaşlığının təcəssümü olan bu tarixin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu müstəsna rol oynayıb.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurum millət vəkili, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Kamil Aydın bu tarixi gün münasibətilə bağlı fikirlərini bizimlə bölüşdü.

Millət vəkilinin sözlərinə görə, Osmanlının Azərbaycan Cümhuriyyətinə köməyə göndərdiyi ordunun komandanı Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu və Azərbaycan korpusunun Bakını işğaldan azad etdiyi gün – 1918-ci ilin 15 sentyabrı türklük tarixinin ən şərəfli səhifələrindən biridir: “Azərbaycan ümumilikdə türk dövlətlərinin yerləşdiyi coğrafiyada çox əhəmiyyətli bir mövqe tutduğu üçün, o vaxt ingilis-rus-erməni ittifaqı Bakını hər vəchlə əlində saxlamağa çalışırdı, məkrli işğal planı qurmuşdu. Amma 104 il əvvəl iki qardaş xalqın birliyi buna imkan vermədi. Azərbaycan sıradan bir ölkə deyil. Azərbaycanın geosiyasi, coğrafi mövqeyi, tarixi keçmişi, qoruduğu mənəvi dəyərləri həqiqətən bu məkanın qədim bir xalqa məxsus olduğunun isbatıdır. Mən dəfələrlə Azərbaycana getdim və buna özüm də şahid oldum. Xəritəyə baxdığımızda da Azərbaycanın Türk dünyası üçün nə qədər əhəmiyyətli olduğunu görürük. Təbii ki, bunu 1918-ci ildə  müstəqillik üçün mücadilə edən bir xalqı cənubdan işğalına məruz qoymaq istəyən fürsətcil ingilislər də, şimaldan rusların dəstəyi ilə  Azərbaycan torpaqlarını ələ keçirmək istəyən ermənilər də, rusların özü də bunu görürdü. Və həqiqətən də  Osmanlı tarixində əhəmiyyətli rol oynamış hərbçi, siyasi xadim Ənvər Paşanın dahiyanə bir planı ilə, qardaşı Nuri Paşaya verdiyi təlimatla, Qafqazda yeni bir ordu qurulması ilə bu məkrli planın qarşısı alındı. Bu qısa bir tarix olsa da çox qürurvericidir.

Baxmayaraq ki, Osmanlı dövləti Birinci Dünya müharibəsindən yeni çıxmışdı, hər tərəfdən hücumlara məruz qalmışdı, amma buna rəğmən ondan kömək istəyən qavim-qardaşının çağırışına biganə qalmadı. Hazırda sarsılmaz Türkiyə-Azərbaycan qardaşlığının kökləri də məhz elə bu əzmli davranışlara, bu şanlı tarixə bağlıdır...”

Kamil Aydın Bakının qurtuluşunda Kazan türklərinin lideri Sədri Maksudi Arsalın da mühüm rolunun olduğunu vurğulayaraq, bu vacib amildən nədənsə çox az danışıldığını bildirdi: “Nuri Paşanın Qafqaza səfərindən öncə,  Kazan türklərinin lideri Sədri Maksudi Arsal Osmanlının Moskvadakı səfiri Kamal Qalib bəyin qəbulunda olaraq Bakının çətin günlər yaşadığını bildirib. Bakının Türk dünyası üçün çox önəmli bir yer olduğunu qeyd eləyən Arsal “Bakı Türküstanın qapısıdır, əgər bolşeviklərin, daşnakların və qərbin birgə planı nəticəsində Bakı işğal olunarsa, bizim bütün türk dünyası ilə əlaqəmiz kəsilər” deyib və bu vəziyyətin Ənvər Paşaya təcili olaraq çatdırılmasını rica edib. Kamal Qalib bəy də qısa zamanda bu məsələ ilə bağlı Ənvər Paşaya məlumat verib. Məhz Sadri Maksudi bəyin verdiyi bu məlumat sayəsində də Cənubi Azərbaycanda ingilislər, Şimali Azərbaycanda  ermənilər və ruslar məğlubiyyətə uğrayıb. Məncə, Bakı qələbəsində Sadri Maksudu Arsal ehtiramla yad edilməlidir, onun müdrikliyi, strateji addımı xüsusilə qeyd olunmalıdır”.

Belə incəliklərin gələcək nəslə çatdırılmasının vacibliyini qeyd edən millət vəkili  bu gün Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində önəmli rol oynayan 2021-ci il Şuşa Bəyannaməsinin 100 il öncə imzalanan Qars müqaviləsi ilə müqayisəsini təsadüfi hesab etmir: “Yəni, 100 il öncə olduğu kimi, yenə də Azərbaycanla Türkiyə arasında ortaq müdafiə sistemi qurulur. Azərbaycana dəyən bir zərbə Türkiyəyə dəymiş hesab edilir və ya əksinə. Bu, NATO-ya üzv ölkələrin müdafiə paktında, 5-ci maddədə də yer alır. Amma çox təəssüf ki, NATO bunu Türkiyə üçün tətbiq etmir. Suriya sərhədlərindən Türkiyəyə terror hücumları ediləndə ABŞ Türkiyə ilə deyil, PKK ilə əməkdaşlığa önəm verdi. Bu məsələni vurğulamaqda məqsədim odur ki, Azərbaycanla Türkiyə arasında əlaqələrin kökü  sağlam olduğu üçün qalibiyyət örnəyimiz olan Bakı zəfəri bu günümüzdə də Qarabağ zəfəri ilə nəticələnib”.

Kamil Aydın son günlər yaşanan olaylara, sentyabrın 13-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata da münasibət bildirdi: “Şəhidlər verdik, bununla əlaqədar Azərbaycan xalqının başı sağ olsun, deyirəm. Yenə də mətanətli Azərbaycan ordusu bu hücumlara yetərincə cavab verdi. Ermənistan fərqində olmalıdır ki, bu cür davranışları ilə əllərində olan torpaqlarını da itirirlər. Çox təəssüf ki,  Ermənistan hələ də lobbilərinin fitvalarına uyur. Necə ki, Yunanıstan Türkiyəyə qarşı təxribatlar törədir və hər dəfə də uduzur, eləcə də Ermənistan bunu Azərbaycana qarşı edir. Daha Qarabağdan zərrə qədər torpağın Ermənistan tərəfindən tutulması mümkün deyil, bunu bütün dünya öyrəndi, amma hələ də daşnaklar, erməni tərəfdarı olan lobbilər anlamırlar. Amma Türkiyə də, Azərbaycan da bunu anlatmaqda davam edəcək. Biz var qüvvəmizlə can Azərbaycanın yanındayıq”.

Mehparə Sultanova
Ankara