Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 104 ili münasibətlə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və səfirliyin əməkdaşları paytaxtdakı Türk şəhidliyi memorialını ziyarət ediblər.

Mərasimdə azərbaycanlı millət vəkilləri, hərbçilər də iştirak ediblər.

Səfir qeyd edib ki, bundan 104 il əvvəl türk ordusunun bolşeviklərin işğalı altında olan azərbaycanlı qardaşlarının yardımına gəlməsi tam bir qəhrəmanlıq dastanıdır:

“Bakının azad edilməsinin 104-cü il dönümü münasibətilə Qafqaz İslam Ordusunun qəhrəmanlıqlarını yad etmək üçün növbəti dəfə mənəvi hüzurunuza gəlmişik. Birinci Dünya müharibəsində bir çox cəbhədə ən güclü ordularla döyüşmüş Osmanlı ordusunun qəhrəman əsgərləri olan siz daha təriniz soyumadan işğalçı bolşeviklərə və ermənilərə qarşı qardaşlarınızla çiyin-çiyinə döyüşdünüz. Son nəfəsinizdə Azərbaycan xalqına can, Azərbaycana müstəqillik verdiniz. Anadolunun ən çətin vaxtlarında Azərbaycan xalqının köməyinə gələn sizlər cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözlərini rəhbər tutaraq qəhrəmanca döyüşdünüz. Siz Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz münasibətlərin memarlarısınız. Ölkələrimizin birlik, bərabərlik və qardaşlığı məhz belə güclü təməllər üzərində qurulub. Sizin bu fədakarlığınız 30 ilə yaxın Ermənistan işğalı altında olan Qarabağın azad edilməsində də ilham qaynağı olub. Bütün qəhrəmanlarımızı, şəhidlərimizi hörmətlə anırıq. Ruhunuz şad olsun!”

Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarı üstünə güllər qoyulub, xatirələrinə ehtiram ifadə edilib.