Bakının azad edilməsinin 104-ci ildönümü tamam oldu

 

Azərbaycanın istiqlal tarixində 1918-ci ilin 15 sentyabrının müstəsna yeri var. Bu, təkcə milli dövlətimizin – Azərbaycan Xalq Cümhuriyyətinin özünün paytaxtına qovuşduğu gün deyil, daha geniş kontekstdə götürdükdə, Azərbaycan və Türkiyə qardaşlığının tarix durduqca yaşayacaq möhtəşəm bir xatirəsidir.

104 il əvvəl Türkiyə (Osmanlı) dövlətinin qardaş köməyi olaraq göndərdiyi, Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu və Cümhuriyyətimizin müvəqqəti paytaxtı Gəncədə təşəkkül tapan ilk milli diviziyanın (Azərbaycan korpusu)  birləşmiş qüvvələrinin tarixi zəfər yürüşü sentyabrın 15-də Bakını “Sentrokaspi diktaturası” və daşnak qüvvələrindən azad etdi. Sovetlər zamanında tarix kitablarımızdan çıxarılsa da, qan yaddaşından və xalqın ruhundan silinməyən bu gün indi şan və şərəf, qürur və iftixar salnaməsidir.

1918-ci ilin 15 sentyabrında Qafqaz İslam Ordusu Bakını Cümhuriyyətə, Cümhuriyyəti isə bütün Azərbaycan xalqına qovuşdurdu. Gəncə, Göyçay, Ağsu, Kürdəmir, Şamaxı ətrafındakı döyüşlərdən keçən qalibiyyət yürüşü Bakının küçələrində müzəffər paradla tamamlandı. Sentyabrın 17-də milli hökumət Bakıya köçdü, Bakı paytaxt adını və mahiyyətini özünə qaytardı.

70 ilin ideoloji örtüyünün gizlətdiyi gerçək, kitab və dərsliklərimizdən çıxarılsa da, qan yaddaşımızdan heç zaman silinməyən o qəhrəmanlıq salnaməsi müstəqillik tariximizdə haqq etdiyi yerini tutdu.

Gerçək tariximizlə yanaşı, həmin tarixi öz qanları ilə yazmış şəhid qardaşlarımızın xatirəsi də bərpa olundu. 1999-cu il sentyabrın 15-də Bakının Şəhidlər xiyabanındakı məzarların yanında 1918-ci ilin sentyabrında Bakını azad edərkən şəhid olmuş türk əsgərlərinin xatirəsinə möhtəşəm bir abidə ucaldıldı.

104 il əvvəl Gəncədən Bakıyadək uzanmış savaş yolu boyunca türk mehmetçiklərinin gömüldüyü çoxlu adsız məzarlıq mövcuddur ki, onların da üzərində belə xatirə abidələri ucaldılıb. Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş 1130 türk əsgərinin xatirəsinə ucaldılan bu qranit abidələr heç vaxt sarsılmayacaq Türkiyə-Azərbaycan qardaşlığının simvolu kimi gələcək nəsillərə tarixdən dərs verəcək daş kitabələrdir.

Qoy Azərbaycanın hər yeni nəsli bu qranit kitabələrin üzərində həkk olunmuş tariximizi diqqətlə oxusun və unutmasın...

Vüqar Orxan