Görkəmli muzeyşünas, teatrşünas, mətnşünas, Əməkdar mədəniyyət işçisi Turan Cavidin (1923-2004) vəfatının ildönümü sentyabrın 12-də ata ocağında, Hüseyn Cavidin Ev-Muzeyində qeyd olunub.

Tədbirdə çıxış edənlər kiçik yaşlarından həyatın ən sərt üzünü görən, atasının təmiz adının əbədiləşdirilməsi uğrunda qətiyyətlə mübarizə aparan, 81 illik ömrünü başa vurandan sonra Cavid məqbərəsində əbədi rahatlıq tapan Turan Cavidin üzərinə düşən həyat missiyasını ləyaqətlə yerinə yetirən vətənpərvər ziyalı olmasından danışıblar.

Bildirilib ki, Hüseyn Cavid üslubunu, təkraredilməz, unikal bədii dilini qorumaqla ədibin müfəssəl beşcildliyini hazırlayıb oxucuların ixtiyarına vermək və ulu öndər Heydər Əliyevin dəstəyi ilə Bakıda, bir vaxtlar Cavidlər ailəsinin yaşadığı mənzildə şairin ev-muzeyini yaratmaq Turan xanımın atasının ruhu və xalqımız qarşısında ən böyük xidməti olub.

Qeyd edilib ki, vaxtilə Turan xanımın rəhbərlik etdiyi muzeyin fondunda onun özünün də həyat və yaradıcılığına işıq tutan kifayət qədər material mühafizə olunur. Onun fədakar elmi-ictimai fəaliyyəti, şəxsiyyəti barədə 100-ə yaxın yazılı mətn, 300-dən artıq foto və sənəd muzeyin direktoru, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının tərtibçisi olduğu “Turan Cavid. Ömür salnaməsi” kitabına (2014) daxil edilib.

Sonra muzeydə Turan Cavidin həyat və fəaliyyətini əks etdirən eksponatlardan və kitablardan ibarət sərgiyə baxış keçirilib.