2022-ci il iyunun 23-də Prezident İlham Əliyev Bakı şəhərində Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Ötən müddətdə sərəncamın icrası ilə əlaqədar işlər həyata keçirilib. O cümlədən Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, muzeyin yerləşdiyi mənzil nazirliyin balansına götürülüb, muzeydə nümayiş olunacaq əşyalar müvafiq qaydada siyahıya alınıb.

Mədəniyyət naziri Anar Kərimov sentyabrın 13-də muzeydə görülən işlərlə tanış olub. Rəsul Rzanın oğlu – Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairinin qızı – BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının baş müəllimi Fidan Rzayeva və muzeyə yeni təyin olunmuş direktor Rəsul Rzayev ilə ev-muzeyində həyata keçiriləcək təmir və bədii tərtibat işləri barədə müzakirələr və fikir mübadiləsi aparılıb. Görüşdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, nazirliyin əməkdaşları da iştirak ediblər.

Qeyd edək ki, dövlət başçısının sərəncamına əsasən, ev-muzeyi Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında yaradılıb. Xalq şairi Rəsul Rzanın Göyçay şəhərində də ev-muzeyi fəaliyyət göstərir.