Sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Türk Biznes Forumu keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, tədbirdə Türk Dövlətləri Təşkilatının beş daimi üzvü (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak edəcəklər.

Forumun məqsədi dövlətlər arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıdır.

Forumda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları” mövzusunda xüsusi sessiya, bir sıra sənədlərin imzalanması və Şuşa şəhəri ilə tanışlıq nəzərdə tutulur.