Ağalı kənd məktəbində dərs ili başlayıb

 

Sentyabrın 15-də Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində yeni dərs ilinin başlandığını bildirən ilk zəng səslənib.

Bu münasibətlə keçirilən tədbirdə Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.

İlk dərs günü Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən nazir Emin Əmrullayev şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. Nazir bildirib ki, 29 ildən sonra Ağalı kənd tam orta məktəbində ilk dərs gününün qeyd olunması məhz onların sayəsində gerçəkləşdi. Ağalıda məktəbin fəaliyyətə başlaması çox qürurverici və tarixi hadisədir. Bu gün hər birimizin yaddaşında xoş xatirələrlə qalacaq.

Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev yeni tədris ilinin başlanması münasibətilə şagirdləri təbrik edib və məktəb kollektivinə uğurlar arzulayıb.

Daha sonra tədbir iştirakçıları məktəblə tanış olublar. Məktəb 360 şagird yerlikdir. 2022-2023-cü tədris ilində məktəbdə 65 şagirdin təlim-tərbiyəsi ilə 13 müəllim məşğul olacaq.