Şuşanın teatr-sənət tarixini vərəqləyərkən
Şuşa və onun teatr mühiti barədə danışarkən ilk növbədə dövrün görkəmli ədəbiyyat, elm, mədəniyyət, musiqi xadimlərini xatırlamalıyıq. Çünki məhz onların fədakarlıqları sayəsində Şuşada yaradılan, təşəkkül tapan teatrın köklü ənənələri sonradan xələflər tərəfindən inkişaf etdirildi, yaşadıldı.
Təsadüfi deyil ki, sonralar yaradıcılığın müxtəlif sahələrində adlarını tarixə yazmış əksər şuşalı mədəniyyət xadimlərinin həyat yolunun ilk mərhələsi teatr səhnəsindən keçib. Bu mənada o mühitdə yetişən Firidun bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov, Haşım bəy Vəzirov, Salah bəy Zöhrabbəyov, Rəsul Tahirov, Azad Əmirov, Bədəl bəy Bədəlbəyov, Əbülfət Vəliyev, Zülfüqar Seyidbəyov, Məmmədəli Orucov, Zülfüqar Hacıbəyov, Həmid Axundov, Musa Şuşinski, Surxay Abdullayev, Mirzə Ələkbər Axundov, Cavad bəy Vəzirov, Xosrov və Hüsü Mamayevlər və başqalarının adları teatr tariximizdə də hörmətlə çəkilir.
Şuşanın teatr mühiti deyəndə, təbii ki, adı ilk ağlımıza gələn görkəmli yazıçı-dramaturq Ə.Haqverdiyev olur. Teatra, səhnəyə sonsuz sevgisi hələ uşaqlıqdan baş qaldıran Əbdürrəhim bəy bu barədə xatirələrinin birində qeyd edir: “1884-cü ildə 14 yaşımda ikən bir dəfə teatra getdim. Mirzə Fətəlinin “Xırs-quldurbasan” pyesini oynayırdılar. Teatrda pərdə açılanda mən bu əqidədə idim ki, fokus göstərəcəklər. Pərdə açıldı, bir də baxdım ki, müəllimim Yusif bəy əynində çuxa, başında buxara papaq, belində xəncər, əlində tüfəng səhnədə dayanıb igidlikdən dəm vurur. Get-gedə tanıdığım müəllimlərimin birini arvad libasında görüb teatrın və komediyanın nə olduğunu anladım...”.
Elə o vaxtdan həyatında teatr adlı ayrı bir səhifə yaradan böyük yazıçı ömrünün sonunadək teatra bağlı olub. Öz bilik və bacarığını, işıqlı düşüncələrini xalqının mənəvi dünyasının zənginləşməsinə, şüurunun oyanışına sərf edən ədib nəinki Şuşada, Ağdamda, Gəncədə və həmçinin Bakıda da teatr sənətinin inkişafına töhfələr verib. Onun qələmə aldığı “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Hacı Daşdəmir”, “Ağa Məhəmməd şah Qacar”, “Ac həriflər”, “Kimdir müqəssir?”, “Vaveyla”, “Köhnə dudman” kimi bir-birindən maraqlı pyesləri yazıldığı ilk vaxtlardan bu günədək teatrlarımızın repertuarlarını bəzəməkdədir.
Əbdürrəhim bəy və ümumən həmin dövrün gənc aydınlarının qəlbində teatra sevgi toxumunu səpən bir ad da var. O, dövrünün görkəmli pedaqoqu Yusif bəy Məlik Haqnəzərovdur. Şuşalı sənət-səhnə sevdalısı Yusif bəyi şagirdi Ə.Haqverdiyevin bir xatirəsi ilə yad etməyə çalışacağam. O yazır: “Realnı məktəbdə oxuyarkən yenə hər yay Yusif bəyin kontoruna gedirdim. Yusif bəy mütəəssib (təəssübkeş – red.) bir teatro həvəskarı idi... Şagirdlərini də teatr tərəfə təşviq edirdi. Və mənim teatroya həvəsim onun təşviqi sayəsində başlanıb getdikcə artdı. Axır vaxtlarda Yusif bəylə aramızda sıx bir rəfaqət var idi və qocalığına baxmayaraq, mənim əsərlərimdən rollar götürüb gözəl oynayırdı”.
Şuşalı bir çox ziyalıların müəllimi olmuş Y.M.Haqnəzərov məktəbdə riyaziyyatdan dərs deməklə yanaşı, həm də şəhər dumasının üzvü idi.
Şuşa teatrının təşəkkülü tarixində Mirzə Muxtarın da öz yeri var. O, istedadlı musiqiçi, eyni zamanda aktyor idi. Teatrda ilk müstəqil addımını 1870-ci ildə ataraq, Şuşadakı “Hacıquluların zalı”nda M.F.Axundzadənin “Hacı Qara” komediyasını tamaşaya qoyur. Lakin müəyyən səbəblərdən tamaşa uğursuzluğa düçar olur. Mirzə Muxtar ruhdan düşmür və 1873-cü ildə həvəskar dostları ilə birgə bu tamaşanı yenidən oynayır. Xurafata, geri fikrə qarşı kəskin mövqeyi olan aktyorun son tamaşası onun sənət taleyində dönüş yaradır. 1883-cü ildə Şuşada H.Vəzirovun “Evlənmək bir stəkan su içmək deyil” əsərinin tamaşası oynanılır. Əsərin mətninə uyğun olaraq tamaşada “Həzrət Abbas” adını çəkən aktyor böyük təzyiqə məruz qalır. Tamaşa yarımçıq kəsilir, iştirakçılar qaçmalı olurlar. Beləcə, Mirzə Muxtar da doğma şəhərindən didərgin düşür. Ağdamda, sonra Gəncədə gizlənməli olur. Bir müddət Tiflisdə müəllimlik edir. 1899-cu ildə Bakıya köçən Mirzə Muxtar burada da pedaqoq kimi fəaliyyət göstərir.
1908-ci ildə Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasında Məcnunun atası rolunu oynamaq üçün teatra dəvət olunan Mirzə Muxtar ömrünün sonunadək (1929) taleyini səhnəyə bağlayır.
Şuşa teatrının aktyor truppasının zənginləşməsində Əbülfət bəy Məmmədhəsən bəy oğlunun (Əbülfət Vəliyev) da payı var. O, istedadlı, mütərəqqi düşüncəli bir aktyor, bacarıqlı rejissor və təşkilatçı olub. Sənətkar məşhur faciə aktyorumuz Hüseyn Ərəblinskinin istedadının üzə çıxarılmasında, onda mütərəqqi ideyalara meylin güclənməsində də mühüm rol oynayıb.
Görkəmli yazıçı-jurnalist, pedaqoq Haşım bəy Vəzirovun da yaradıcılıq yolundan Şuşa teatrı ayrıca bir xətt ilə keçir. O, Şuşanın teatr mühiti ilə sıx bağlı idi. Ədibin “Məktəb tərbiyəsi”, “Evlənmək su içmək deyil”, “Döymə qapımı, döyərlər qapını” əsərləri uzun müddət Şuşa səhnəsində oynanılıb. H.Vəzirov həm də V.Şekspirin “Otello” faciəsinin dilimizə ilk tərcüməçisidir.
Görkəmli dramaturq, Azərbaycan ədəbiyyatında faciə janrının (“Müsibəti-Fəxrəddin”) yaradıcısı Nəcəf bəy Vəzirovun teatr tariximizdə xüsusi yeri var. 1873-cü ildə Bakıda Həsən bəy Zərdabi və digər ziyalılarla birgə Mirzə Fətəlinin “Lənkəran xanının vəziri” əsərini səhnələşdirməklə professional Azərbaycan milli teatrının özülünü qoyan Nəcəf bəy gənc yaşlarından teatra bağlı olub. Bir vaxtlar həvəskar kimi teatr tamaşalarında aktyor-rejissor kimi iştirak etmiş N.Vəzirov Mirzə Fətəlinin təsiri ilə “Əti sənin, sümüyü mənim”, “Ev tərbiyəsinin bir şəkli”, “Nə əkərsən, onu da biçərsən”, “Daldan atılan daş topuğa dəyər”, “Sonrakı peşmançılıq fayda verməz”, “Vay şələküm-məəlləküm”, “Yağışdan çıxdıq, yağmura düşdük” kimi komediyalar da qələmə alıb, teatrlarımızın milli repertuarını zənginləşdirib.
Şuşanın teatr həyatını, daha doğrusu, ömrünü onun teatr səhnəsinə həsr edənləri xatırlayıb araşdırarkən qarşıma maraqlı faktlar da çıxdı. Yazını teatr tədqiqatçısı Yaqub Əlioğlunun “Şuşa teatrı” kitabından bir neçə faktla yekunlaşdırmaq istəyirəm. Kitabda Ə.Haqverdiyevin rejissor və təşkilatçı kimi teatr səhnəcikləri hazırlamaqla yanaşı, Şuşada həm də ilk dəfə olaraq “Şərq konsertləri” təşkil etdiyi qeyd olunur. Bildirilir ki, bu səhnəciklər və konsertlər xalqı teatra yaxınlaşdırmaqla onların zövqünü də formalaşdırırdı. 1897-ci ildə Ə.Haqverdiyevin təşəbbüsü ilə Şuşada göstərilən Füzulinin “Leyli və Məcnun”undan bir parça – “Məcnun Leylinin qəbri üstündə” səhnəciyi sonralar Azərbaycan musiqili teatr tarixində mühüm rol oynayıb. Məşhur xanəndə Cabbar Qaryağdıoğlunun Məcnun rolunda başına quş yuvası qoyub səhnədə oxuması bütün Şuşanı lərzəyə gətirib. O cümlədən həmin səhnədə pərdə arxasında xorda oxuyan balaca Üzeyir Hacıbəyli bu hadisədən ömürlük təsirlənib və sonralar ilk milli operanı yaradıb. Bu, təsadüf idi, yoxsa zərurət?! Dövr və zaman təsdiqlədi ki, əlbəttə, zərurət idi. Amma bu hadisənin beşiyi başında duran səbəbkar Ə.Haqverdiyevi daima minnətdarlıq hissi ilə anmaq lazımdır. Sonralar Şuşada Əlişir Nəvainin “Fərhad və Şirin” poemasından da bir səhnəcik göstərilib, Fərhadı Cabbar Qaryağdıoğlu oynayıb.
Kitabda Mirzə Cəlilin “Ölülər” tragikomediyasının Şuşada nümayişi barədə də qeydlər var. Bildirilir ki, bu məşhur pyes 1916-cı il avqustun 17-də Şuşada, Xurşidbanu Natəvanın qızı Xanbikənin evində yerləşən məktəbdə tamaşaya qoyulub. Bu tamaşadan sonra Mirzə Cəlil mollaların qəzəbinə tuş gəlib...
Şuşanın teatr-sənət mühiti bütövlükdə Azərbaycan səhnəsinin inkişafına əvəzsiz töhfələr verib. İnanırıq ki, bir qərinəlik məcburi fasilədən sonra bu köklü ənənələrin bərpası mümkün olacaq...
Həmidə Nizamiqızı