Yanvarın 11-də Azərbaycan Turizm İnstitutunda bu təhsil ocağının Məzunlar Assosiasiyasının təşəbbüsü ilə «Four Seasons» hotelinin baş meneceri Tarek Mourad və İnsan Resursları meneceri Sevda Abbasova ilə görüş-seminar təşkil olunub.
ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov görüş-seminar təklifini qəbul etdikləri üçün qonaqlara təşəkkürünü bildirib.
T.Mourad institutun fəaliyyəti, tədris strategiyası, qısa zaman kəsiyində qazandığı uğurlar barədə ətraflı məlumat ala bildiklərinə görə məmnunluğunu ifadə edib. Qonaqlar institutun auditoriya və struktur bölmələrində tələbə və əməkdaşlarla da görüşüblər.
Seminarın gedişində «Four Seasons» hotelinin baş meneceri Tarek Mourad Misir, Səudiyyə Ərəbistanı, Suriya və İstanbulda işlədiyi müddətdə qazandığı iş təcrübəsindən, fəaliyyət bioqrafiyasında Bakının da adının olmasından fəxarət duyduğunu vurğulayıb. Qonaq «Four Seasons» hotelində ATİ-nin məzun və tələbələrinin də olacağına, təcrübə qazanacağına şübhə etmədiyini nəzərə çatdırıb. Elə bu səbəbdən də institutun kollektivi ilə görüşü uğurlu fürsət kimi dəyərləndirib.
Görüş-seminarın sonunda ATİ ilə «Four Seasons» hoteli arasında bir sıra sahələrdə - hoteldə çalışanların institut tələbələrinə mühazirə və məşğələ keçməsi, peşə təhsili, qısamüddətli kursların təşkili, baş menecer Tarek Mouradın müvafiq fənlərdən dərs deməsi barədə razılıq əldə edilib.
Fəxriyyə Abdullayeva