Roma Papası Fransisk 14-15 sentyabr tarixində Qazaxıstanın paytaxtında keçirilən Dünya və Ənənəvi Din Liderlərin VII Konqresində iştirak edib.

Konqres “Dünya və ənənəvi din liderlərinin postpandemiya dövründə bəşəriyyətin mənəvi və sosial inkişafında rolu” mövzusuna həsr olunub.

Papa Fransisk konqresdə çıxışı zamanı iqlim dəyişikliyinin doğurduğu problemlərə toxunub. “Qarşımızda ümumi evimizi qorumaq kimi daha bir problem dayanır. Ciddi iqlim dəyişikliyi şəraitində onu qorumalı, gələcək nəsillər üçün saxlamalı, onun çirklənməsinə və məhvinə imkan verməməliyik. Gəlin, bu problemi birlikdə həll edək”, - deyə o bildirib.

Roma Papası qeyd edib ki, dünyanın yaşadığı pandemiya da iqlim dəyişikliyi ilə əlaqəlidir. “Meşələrin vəhşicəsinə qırılması, heyvanların qanunsuz ticarəti kimi məsələlər üzərində düşünək. İstismarçı təfəkkür ümumi evimizi məhv edir”, - deyə Fransisk əlavə edib.

Dünya din liderlərinin toplantısında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.