Tanınmış nizamişünas alim, tərcüməçi, mətnşünas, filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi, professor Xəlil Yusifli sentyabrın 15-də, ömrünün 87-ci ilində vəfat edib.

Xəlil Həmid oğlu Yusifli 17 iyul 1935-ci ildə Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli) kəndində anadan olub. 1945-1955-ci illərdə doğulduğu kənd məktəbində təhsil alıb. 1955-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində oxuyub.

Xəlil Yusifli 1961-ci ildə Nizami adına Ədəbiyyat və Dil İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayıb. 1962-1965-ci illərdə institutun Qədim və Orta əsrlər ədəbiyyatı şöbəsinin aspirantı olub. 1967-ci ildə “Nizaminin lirikası” mövzusunda namizədlik (fəlsəfə doktoru), 1987-ci ildə “Nizami Gəncəvi və Şərq İntibahı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1989-cu ildə professor elmi adını alıb.

Ömrünü Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqinə həsr edən X.Yusiflinin  “Nizaminin lirikası”, “Şərqdə İntibah və Nizami Gəncəvi” monoqrafiyaları bu araşdırmaların nəticələri kimi ərsəyə gəlib. Bundan əlavə, Nizami əsərlərinin latın qrafikalı Azərbaycan əlifbasında yeddi cilddə çapa hazırlanmasını da alim həyata keçirib.

Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından olan X.Yusiflinin “Məhcur Şirvani yeni təfəkkür işığında”, “Dünya ədəbiyyatı tarixi”, “Orta əsrlər Azərbaycan şeirində janrlar və bədii ifadə vasitələri” kitabları işıq üzü görüb. O, klassik ədəbiyyatın bir çox nümunələrinin tərcüməsi və tərtibi sahəsində də fəaliyyət göstərib. M.Əvhədinin “Cami-Cəm” (Q.Beqdeli ilə), Arif Ərdəbilinin “Fərhadnamə”, Məhsətinin “Rübailər”, Nizami Gəncəvinin “Xosrov və Şirin” və bir sıra başqaları da bu qəbildəndir. Həqirinin “Leyli və Məcnun” poeması ədəbiyyatşünasın tərtibatı və geniş ön sözü ilə nəşr olunub.

X.Yusifli uzun illər Gəncə Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib, AMEA-nın Gəncə Bölməsi nəzdindəki Nizami Gəncəvi Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına, 2015-ci ildə “Şöhrət” ordeninə layiq görülüb.

Allah rəhmət eləsin.