Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecədən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Ordusunun bölmələri böyük qəhrəmanlıq göstərərək düşmənə sarsıdıcı zərbələr endirib, hakim yüksəklikləri nəzarətə götürüb. Cəza tədbirləri nəticəsində düşmənin yüzlərlə canlı qüvvəsi məhv edilib, hərbi infrastrukturu, silah-sursat anbarı, hərbi texnika və qurğuları sıradan çıxarılıb.

Müdafiə Nazirliyinin verdiyi məlumatlara əsasən, ağır döyüşlər zamanı Silahlı Qüvvələrimizin ümumilikdə 77 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb.

Vətən fədailəri şəhər və rayonlarda böyük izdihamla son mənzilə yola salınıb.

***

2001-ci il təvəllüdlü əsgər Elnur Nərbala oğlu Məhərrəmov doğulduğu Göyçay rayonunun Şəkər kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində dövlət qurumlarının əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

Azərbaycan Universitetinin tələbəsi olan Elnur Məhərrəmov könüllü olaraq 11 ay öncə ali təhsilini dayandıraraq hərbi xidmətə yola düşüb. O, əsgəri xidməti başa çatdıqdan sonra ordu sıralarında qalaraq hərbi qulluqçu kimi Vətənə xidmətini davam etdirmək arzusunda idi...

***

Əsgər Turan Tərlan oğlu Məhərrəmov (2001) doğulduğu Zaqatala rayonunun Qımır kənd qəbiristanlığında torpağa tapşırılıb. Vida mərasimində idarə və müəssislərin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin doğmaları və döyüş yoldaşları iştirak ediblər.

Turan Məhərrəmov nişanlı idi, toy mərasimi oktyabrın 9-na planlaşdırılmışdı.

***

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) leytenantı, əslən İsmayıllıdan olan 1988-ci il təvəllüdlü Elnur Sədaqət oğlu Səmədov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Otuz dörd yaşlı şəhidin nəşi əvvəlcə vidalaşmaq üçün doğulduğu İsmayıllı rayonuna aparılıb və axşam saatlarında Sumqayıt şəhərinə gətirilib. Dəfn mərasimdə Milli Məclisin deputatları Müşviq Məmmədli, Emin Hacıyev, Sumqayıt şəhər rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri, şəhidin ailəsi və döyüş yoldaşları iştirak ediblər.

***

Əsgər Fərid Qiyas oğlu Lətifov (2001) Şəki şəhərində torpağa tapşırılıb. Şəhər rəhbərliyi, şəhidin qulluq keçdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhər sakinlərinin iştirak etdiyi dəfn mərasimində izdiham yaşanıb.

***

Əsgər Ülvi Məzahir oğlu Mahmudzadə (1991) Tovuz rayonunun Alakol kənd qəbiristanlığında dəfn olunub. Vida mərasimində Milli Məclisin deputatları Qənirə Paşayeva Arzu Nağıyev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kənan Cəbrayıl oğlu Nəsibov (1999) Tovuz rayonunun Əsrik Cırdaxan kənd qəbiristanlığında torpağa tapşırılıb. Vida mərasimində rayon rəhbərliyi, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tovuzun daha bir şəhidi əsgər Səddam Rafiq oğlu Hüseynov (1997) rayonun Çeşməli kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Aqil Abbas, idarə və müəssisələrin rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

***

Əsgər Qədim İlqar oğlu Xəlilov (2002) dünyaya göz açdığı İsmayıllı rayonunun Hacıhətəmli kənd qəbiristanlığında dəfn edilib. Vida mərasiminin iştirakçıları şəhidimizi “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə son mənzilə yola salıblar.

Qədim Xəlilovun əmisi Birinci Qarabağ müharibəsində şəhid olub.

***

Əsgər Səfiyar Elşən oğlu Məmmədov (2002) Goranboyda dəfn edilib. Şəhidin nəşi əvvəlcə yaşadığı Goranboy rayonunun Qızılhacılı qəsəbəsinə gətirilib. Onunla evində vida mərasimi keçirilib. Daha sonra 20 yaşlı şəhid rayonun Balakürd kənd Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, millət vəkili Anar Məmmədov, şəhidin ailə üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyəti iştirak edib.

Səfiyar Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. “Hərbi xidmətdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə”, həmçinin Türkiyədə keçirilən birgə hərbi təlimlər zamanı Türkiyənin “Yurdda sülh, cahanda sülh” medalları ilə təltif olunub.

Goranboyun daha bir şəhidi əsgər Ümid Vüqar oğlu İmamquliyev (2003) rayonun Qaradağlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rəsmilər, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

***

Əsgər Namiq Ağəmməd oğlu Məmmədli (1996) ilə Bərdə rayon Təhlə kəndində vida mərasimi keçirilib. Mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin hərbçi dostları, rayon ictimaiyyəti iştirak edib. Namiq Məmmədli yaxınlarının dəfn olunduğu Bərdə rayon Bərcivan kənd məzarlığında torpağa tapşırılıb.

Namiq Məmmədli Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Xidmət dövründə Türkiyədə təlimdə fərqləndiyinə görə “Güclü döyüşçü”, Vətən müharibəsi zamanı göstərdiyi şücaətə görə isə Şuşa, Füzuli, Xocavənd, Cəbrayıl, Kəlbəcərin azad olunmasına görə və “Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib.

***

Salyan rayonunun Qaraçala qəsəbə sakini, əsgər Elmir Abdul oğlu Hüseynovun (2003) dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. 19 yaşlı şəhid Qaraçala qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Salyan rayonunun daha bir şəhidi əsgər Sadiq Rəşad oğlu İsayevin (2003) nəşi doğulduğu Arbatan kəndinə gətiriləndən sonra yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra Sadiq İsayev Salyan Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin böyük qardaşı hazırda hərbi xidmət keçir.

***

Biləsuvardan olan əsgər Zöhrab Azad oğlu Kərimov (2003) rayon qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin doğmaları iştirak ediblər.

***

Əsgər Polad Seyran oğlu Şirinov (2002) Bakıda II Fəxri xiyabanda dəfn olunub. Əslən Yardımlı rayonundan olan Polad Şirinov Bakıda böyüyüb.

Əsgər Amin Rasim oğlu Qəfərli də (2004) II Fəxri xiyabanda dəfn olunub. Dəfn mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 18 yaşlı şəhidimiz əslən Zəngilan rayonundandır.

Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Fərid Kəmaləddin oğlu Mehbalı (1994) və gizir Səbuhi Fuad oğlu Əhmədov (1996) da II Fəxri xiyabanda torpağa tapşırılıblar. Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi Əhmədov SOS uşaq evində böyüyüb.

Əsgər Sadiq Zaur oğlu Əzizli (2003) paytaxtın Qaradağ rayonunda dəfn edilib. Şəhidimizin nəşi rayon ərazisindəki qəbiristanlıqda torpağa tapşırılıb. Mərasimdə Sadiq Əzizlinin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əsgər Fərid Vahid oğlu Quliyevin (2003) nəşi Qaradağ rayonu Lökbatan qəsəbəsindəki evinə gətirilib. Şəhidlə evində vida mərasimi keçirildikdən sonra Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

***

Əsgər Şair Camaloviç Heydərov (1998) Qusar rayonunun Mucuq kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, dövlət qurumlarının  əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

***

Əsgər Hüseynalı Hikmət oğlu Nəbiyev (1999) doğulduğu Cəlilabad rayon Bəcirəvan kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhid yaxınları ilə yanaşı rayon rəsmiləri, hərbçilər, yerli sakinlər iştirak ediblər.

***

Tərtər rayon Evoğlu kənd sakini əsgər Məftun Seymur oğlu Əhmədzadə (1996) doğulduğu kənddə rayon rəsmiləri, hərbçilər və rayon ictimaiyyətinin iştirak ilə  dəfn olunub.

***

Müddətdən artıq xidmət edən hərbi qulluqçu Xəqan Daşqın oğlu Qurbanov (2002) Ağdaş rayon Abad kənd qəbiristanlığında torpağa tapşırılıb. O, üç ay öncə hərbi xidmətini başa vurmuşdu. Könüllü olaraq orduda qalaraq Vətənə xidmətini MAXE kimi davam etdirirdi. Nişanlı idi.

***

Daşkəsən rayonunun Qaraqullar kəndində anadan olan əsgər Nihad Nicat oğlu Verdiyev (2003) Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, millət vəkili Pərvin Kərimzadə, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

***

Daşkəsənin Quşçu kəndindən olan əsgər Turxan İdris oğlu Süleymanov (2002) şəhərdəki Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər.

***

Laçından olan leytenant Qorxmaz İsgəndər oğlu İsgəndərovla (1999) ailəsinin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində vida mərasimi keçirilib. Mərasimdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, hüquq mühafizə orqanlarının nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər.

Daha sonra Qorxmaz İsgəndərov həmin ərazidə salınmış məzarlıqda dəfn olunub.

***

Düşmən təxribatı nəticəsində şəhid olan digər Vətən övladları da son mənzilə yola salınıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hazırladı: N.Məmmədli