“Bütün Türkiyə Cümhuriyyəti kimi, Türkiyə Ombudsmanlıq Təşkilatı da haqlı mübarizəsində qardaş Azərbaycanın yanındadır”

 

Bu fikirlər Türkiyənin İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), İslam Əməkdaşlıq Təşkilatının Ombudsman Birliyinin başqanı Şərəf Malkoçun Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevaya göndərdiyi məktubda vurğulanır.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) nəzdində fəaliyyət göstərən İnsan Hüquqları üzrə Müvəkkillikdən (Baş Ombudsmanlıq) verilən məlumata görə, məktubda Ermənistan silahlı qüvvələrinin 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə və sonrakı günlərdə Azərbaycanla sərhəd bölgədə həyata keçirdiyi genişmiqyaslı təxribatlar nəticəsində şəhid olan hərbçilərin yaxınlarına və ümumilikdə Azərbaycan xalqına başsağlığı verilib.

“Bu hücumlardan bir daha müəyyən edilir ki, Ermənistan illərdir qanunsuz olaraq işğala məruz qoyduğu Azərbaycan torpaqlarında, işğaldan azad edildikdən sonra da münaqişələr yaratmaqla beynəlxalq humanitar hüquqa məhəl qoymur” – deyə məktubda qeyd olunur. Bu təxribatlarla Ermənistanın 1949-cu il Cenevrə Konvensiyalarına zidd olaraq açıq şəkildə hərbi cinayətlər törətdiyi, bu mövzuda 1977-ci ildə qəbul edilən əlavə protokolları və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini pozduğu bildirilir.

Şərəf Malkoç məktubunda 21-23 oktyabr 2020-ci il və 14-19 sentyabr 2021-ci il tarixlərində Azərbaycana səfəri etdiyini, o cümlədən azad edilmiş torpaqlarda olduğunu xatırladaraq yazır: “Səfərlər zamanı Ermənistanın törətdiyi müharibə cinayətlərini, eləcə də Ermənistanın qanunsuz işğal etdiyi torpaqlarda ətraf mühitə, mədəni və tarixi abidələrə vurduğu zərərləri də müşahidə etdik. Ermənistan tərəfindən dağıdılan və minalanan genişmiqyaslı torpaqlarla, məcburi köçkünlərə və Azərbaycan dövlətinə zərbələr vurulmaqla yanaşı, məcburi köçkünlərin öz evlərinə qayıtmalarına və bölgədə iqtisadi fəaliyyətə başlamalarına ən böyük maneə yaradıldığını gördük. Bütün bunlar da Ermənistanın beynəlxalq konvensiyalara zidd olaraq cinayətlərini davam etdirməsinin və insan haqlarını pozmasının bariz sübutudur”.

Məktubda Ermənistanın törətdiyi son təxribatların da bölgədəki sülh prosesinə çox böyük zərbə vurduğu qeyd olunub: ”Bizim istəyimiz münaqişələri aradan qaldırmaq, daha çox itki vermədən bu prosesləri dayandırmaqdır. Türkiyə Cümhuriyyəti İnsan Hüquqları üzrə Müvəkkil Təşkilatı olaraq haqlı mübarizəsində Azərbaycanın yanındayıq və bu münaqişələr zamanı həyatını itirən şəhidlərlə əlaqədar Azərbaycan xalqının kədərinə şərik olur, dərin hüzünlə başsağlığı veririk”.

Mehparə Sultanova
Ankara